
Dambrauskas: “Hesabın belə olacağını demişdim”
“Sabah” Azərbaycan Premyer Liqasının 22-ci turunda bu gün “Qarabağ”la qarşılaşıb.
Komanda.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən matçdan sonra “bayquşlar”ın baş məşqçisi Valdas Dambrauskasın mətbuat konfransı olub.
Litvalı mütəxəssis 3:3 hesabı ilə yekunlaşan matçı belə şərh edib:
“Oyundan öncə məşqçilər heyəti ilə danışarakən hesabın belə olacağını demişdim. Əfsuslar olsun ki, 3:0-dan sonra hesabı qoruya bilmədik. Biz çox üzgünük. Hər iki komandanı bu oyun münasibətilə təbrik edirəm. Son 20 dəqiqəyə qədər hesabda öndəydik. Necə olursa, üstünlüyümüzü qorumalıydıq. Soyuq havada bizi dəstəkləməyə gələn azarkeşlərə təşəkkür etmək istəyirəm. Bu oyunda hər şey var idi. İntriqa, mübarizə… “Qarabağ”ı gözəl geridönüş etdiklərinə görə təbrik etdim. Bu oyundan nəticə çıxarmalıyıq.
Biz onlardan üzr istədik (“Sabah”ın məşqçilərindən birinin “Qarabağ”ın məşqçisi Müşfiq Hüseynova qeyri-etik jest etməsi ilə bağlı deyilənləri nəzərdə tutur – red.) Sözün açığı, həmin anı görmədim. Meydançaya köklənmişdim. Bir də baxdım ki, onların ehtiyat skamiyası ilə bizim tərəf üz-üzədir. “Sabah” olaraq heç bir halda belə hallara yol verməməliyik.
Hər nə desəm, artıq önəmi yoxdur. Hakimlər Komitəsi var, onlar təhlil etməlidir. Hər kəs səhv edə bilər. Mən öz oyunçularıma necə məsulamsa, hakimlərin qərarlarına da Hakimlər Komitəsi məsuldur. Mən hakimlərin qərarlarını şərh etməyəcəm”.
“Sabah” növbəti turda “Qəbələ”ni qəbul edəcək.
Fəxri Rüstəmli
Bizi Facebook-da izləyin



