“Bilirdik ki, yeni baş məşqçi gələndən sonra “Neftçi” toparlanacaq” – MÜSAHİBƏ

“Zirə”nin kapitanı Qismət Alıyev Komanda.az saytına müsahibə verib. Həmin müsahibəni təqdim edirik:

– “Zirə”nin qış fasiləsindən sonrakı çıxışını nəzərə alsaq, hansı məqam diqqət çəkir? Komanda nə dərəcədə formadadır?

– Qış fasiləsindən sonra “Sabah”a məğlubiyyətimiz (1:3) ağır oldu. Bundan sonra “Sumqayıt”la matçlarda – həm kubok (0:0), həm də çempionatda (3:2) özümüzü toparlaya bildik. Çempionat oyununda çox vacib qələbə qazandıq. Bizdən öndə idilər. Düşünürəm ki, bu il turnir cədvəlini bacardığımız qədər yuxarı pillələrdə başa vurmağa çalışacağıq və şansımızı saxlamaq istəyirik.

– Son iki ildə ikinci yeri “bron” etmişdiz. Amma sənə elə gəlmir ki, bu il bir və ikinci yerlərin sahibləri artıq məlumdur?

– Ötən il birinci dövrədən sonra “Araz-Naxçıvan” 10 xala yaxın bizdən irəlidə idi. İndi bu haqda həqiqətən düşünmürük: kim bizdən öndədir, ya geri qalır. Bizdən arxadakı komadalarla da xal fərqimiz azdır. Bunu ancaq zaman göstərəcək. Bu gün ilk növbədə işimiz komanda şəklində formada qalıb, növbəti oyuna hazırlaşmaqdır.

– “Sabah” çox güclənib və nəhayət, çempionluq uğrunda belə deyək, “Qarabağ”a “əlcək atıb”. Sizin də rəqibiniz olaraq, indiki məqamda bu haqda nə düşünürsən?

– “Qarabağ” neçə illərdir, istər çempionluq olsun, istərsə də avrokuboklarda ölkəmizi layiqincə təmsil edir. Bu il də “Sabah” heyətindəki keyfiyyətli oyunçular olmaqla həm baxımlı futbol oynayır, həm də çempionluğa iddialıdır. Mənim fikrimcə, kim güclüdürsə, kim layiqdirsə, o da çempion olsun. Bu, bizi çox maraqlandırmır. Bizim işimiz qarşıdan hansı oyun gəlirsə, ona hazırlaşmaqdır.

– Avrokuboklara çıxmaq baxımından üçüncü pilləni uğur saymaq olar?

– Avrokuboklara yollanmaq baxımından bizim həm kubokda, həm çempiontda şansımız var. Ötən il turnir cədvəlini ikinci pillədə başa vursaq belə, “Sabah” kuboku qazanıb Avropa Liqasına yollandı. Bizim şansımız varsa – kubokun finalına çıxmaq və qalib olmaq – hər iki tərəfdən möhkəm yapışıb, hansı daha rahatdırsa – Avropa Liqasına, ya da Konfrans Liqasına vəsiqə qazanmaq baxımından – sona kimi mübarizə aparacağıq.

– Bunun üçün ilk olaraq “Sumqayıt” maneəsini dəf etməlisiz. Şanslarınızı necə dəyərləndirirsən?

– Orada (Sumqayıtda) 1:0 da, 2:0 da qələbə qazansaydıq, düşünürəm ki, eyni şeyi yenə deyəcəkdim: şansları 50/50-yə hesab edirəm. Bu, fikrimcə hər iki komanda üçün belədir.

– Necə düşünürsən, “Qarabağ”la “Sabah”ın bir tərəfdə olması (yarımfinalda qarşılaşa bilərlər) sizin kubokda finala yolunuzu açıq edir?

– Digər rəqibləri də nəzərə alsaq, biz ilk turdan çempionluğa namizəd komandalarla oynayırıq. Digər rəqiblər ilk mərhələlərdə aşağı liqa komandaları ilə oynadılarsa, bunun qarşılığında biz “Neftçi” ilə başladıq. Daha sonra “Sumqayıt”. Onları keçə bilsək, “Kəpəz”lə “Turan Tovuz” gəlir. Bu il hər biri avrokuboklar uğrunda, yuxarı pillələr üçün oynayan komandalardır. Bu an üçün əsas “Sumqayıt”la oyunumuzdur. Ondan sonra fikirləşərik ki, istər “Kəpəz” gəlsin, istərsə də “Turan Tovuz”. Ancaq hələlik bunu fikirləşirik. Finalda da hansı rəqib olursa olsun, bu dəqiqə onu fikirləşməyin əhəmiyyəti yoxdur.

– Arxanızdan “Neftçi” də gəlir, nəfəslərini hiss edirsiz? Hər halda, “Zirə” üçün münasib olmayan rəqiblərdən biri sayılır...

– Bəli, biz bilirdik ki, yeni baş məşqçi gələndən sonra “Neftçi” toparlanacaq. Keyfiyyətli oyunçuları var. Son oyunlarda da görünür ki, komanda şəklində formaya düşməyə çalışırlar. Hiss olunur ki, baş məşqçinin tapşırıqlarını yerinə yetirməyə çalışırlar. İstər “Neftçi”, istər “Araz-Naxçıvan”, istərsə də “Turan Tovuz” olsun, çempionatımızda bir-birindən 5-6 xallıq fərqlər fikrimcə, elə də böyük fərq deyil. Sona kimi mübarizə gedəcək.

Fəxri Rüstəmli

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button