“Tottenhem”i gözləyən maliyyə itkiləri

“Tottenhem” mövsümü uğursuz başa vuracağı təqdirdə, ciddi maliyyə itkiləri ilə üzləşə bilər.

London klubu hazırda 26 turdan sonra İngiltərə Premyer Liqasında turnir cədvəlinin 16-cı pilləsində qərarlaşıb və təhlükəli zonadan cəmi 5 xal aralıdır. Komanda mövsümün sonunda aşağı liqaya – Çempionşipə düşərsə, bəzi sponsorlar müqavilələri birtərəfli qaydada ləğv etmək hüququ qazanacaqlar.

Komanda.az xəbər verir ki, bu barədə “The Telegraph” məlumat yayıb.

Bildirilib ki, klubun əsas kommersiya tərəfdaşlarından biri ilə müqavilə yayda başa çatacaq və onun uzadılıb-uzadılmayacağı sual altındadır. Bundan əlavə, “Tottenhem” növbəti mövsüm avrokuboklarda iştirak etməzsə, sponsor bonuslarından da məhrum olacaq.

Maliyyə vəziyyətinə təsir edən digər amil isə stadionun ad hüquqlarının hələ də satılmamasıdır. Təxminən 1 milyard funt sterlinqə başa gələn arenaya indiyədək rəsmi sponsor adı verilməyib.

Nəşrə danışan və sponsorluq məsələlərinə bələd olan ekspert bildirib ki, yalnız avrokuboklara vəsiqə qazanmamağa görə cərimə və itkilər on milyonlarla funt sterlinqlə ölçülür. Klub Premyer Liqanı tərk edərsə, bu məbləğ daha da arta və potensial olaraq fəlakətli nəticələrə səbəb ola bilər.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button