
“Nyukasl”? Bura qədər? Vəssalam?
Rəşad Ergün
“Qarabağ” UEFA Çempionlar Liqasının pley-off mərhələsində “Nyukasl”a rəqib oldu və dərhal sosial şəbəkənin Azərbaycan seqmentində qütbləşmə yarandı. Bir qism Azərbaycan çempionunun İngiltərə komandasını keçə biləcəyinə ümidlidir, bir hissə də “bura qədər” düşüncəsindədir.
Duyğularına bir az təşviş, bir az da ümidsizlik qatanları anlamaq olar. “Nyukasl”ın təmsil etdiyi İngiltərə Premyer Liqası dünyanün ən güclü, ən sürətli, ən baxımlı çempionatı hesab olunur. Orada az qala favorit, ortabab, autsayder anlayışı da futbolun yarandığı ilk illərin tozlu səhifələri arasında yox olub gedib. Üstəlik, “Qarabağ”ın futbolun yaradıcıları ilə oyunlarının statistikası da ən soyuqqanlı azərbaycanlı azarkeşdə belə, vahimə yaradacaq cinsdəndir: 9 oyun, 8 məğlubiyyət, 1 heç-heçə, buraxılan top sayı 29, vurulan qol sayı 3. Və bu statistikanı tamamlayan son qarşılaşma bir neçə gün əvvəl “Liverpul”a 0:6 hesabı ilə uduzduğumuz oyun idi…
Amma…
Nə olur olsun, “Nyukasl” “Liverpul” deyil və inanıram ki, Qurban Qurbanov 0:6 hesabı ilə bitən qarşılaşmada yol verilən səhvlərin təkrarlanmasına imkan verməyəcək.
“General olmaq istəməyən əsgər əsgər deyil” deyirlər. “Qarabağ” bu mövsüm artıq iki “müharibə”dən qalib ayrılıb. “Köhlən atlar” əvvəlcə Çempionlar Liqasının liqa mərhələsinə vəsiqə qazandı, daha sonra pley-off-a. Bu, komandanı gözləyən üçünçü “müharibə”dir. İndi deyirsiz ki, “Qarabağ”ın bu “müharibə”də də qələbə qazanacağına inanmayaq?
İnam başqa şeydir, tələb başqa. Kimsə komandadan “Nyukasl” səddini keçməyi tələb etmir və ya, etməməlidir. Amma kimsənin də ümidini, inamını əlindən almaq olmaz. Qurban Qurbanova, “Qarabağ”a inanın. Axı, o ümidi, o inamı “Qarabağ” özü yaradıb, özü formalaşdırıb.
Bizi Facebook-da izləyin



