“2 milyon yarımı yemisiz, budur futbolunuz” sualı və Yevlaxdakı xaos

Azərbaycan futbolunda bəzən elə mənzərələr ortaya çıxır ki, adam düşünə-düşünə qalır: bu klub doğrudan da peşəkar komandadır, yoxsa, təsadüfən gəlib, ya da ki, say düzəlsin deyə burdadır?

Təəssüf ki, bu mənzərə “Karvan-Yevlax” ətrafında daha çox görülür. Vəziyyət o həddə çatıb ki, komandanın oyunlarından çox, kənar davranışları müzakirə olunur. Görünür, klub daxilində elə bir başıpozuqluq hökm sürür ki, bunun adı ancaq özbaşınalıq ola bilər.

Dünən keçirilən matçın (“Karvan-Yevlax” – “Kəpəz” 1:2) başlanğıcında hər şey mükəmməl idi. Futbolda əsas olan və arzulanan azarkeş meyarı idi ki, bunu da yevlaxlılar layiqincə yerinə yetirmişdilər. Doldurmuşdular stadionu. Bakı arenalarında görünməyənləri onlar görünən etmişdilər.

Amma… Yevlaxlılar üçün “Kəpəz”ə məğlubiyyətdən doğan məyusluq bir yana, oyunun 27-ci dəqiqəsində yaşanan epizod futboldan çox, komediya janrına bənzəyirdi. Baş məşqçi Azər Həşimov müdafiəçisi Vüsal Məsimovun oyunundan narazı qalaraq, onu əvəzləmək istəyirdi. Dördüncü hakim hətta əvəzlənəcək futbolçu ilə meydana daxil olacaq oyunçunun forma nömrələrini göstərən elektron tablonu da havaya qaldırdı. Amma “özündənrazı bəy” meydanı tərk etmək istəmədi. Komanda yoldaşlarının dəfələrlə etdiyi çağırışlara baxmayaraq, Məsimov “mən çıxmıram, vəssalam” deyərək, oyunu sona qədər davam etdirdi. Belə hadisələr adətən məhlə futbolunda olur.

Ancaq insafən, Azər Həşimovu da susqunluğuna görə “alqışlamaq” lazımdır. Əks halda, oyun dayanacaqdı. Həşimov da bunu bilərək, yəqin qorxusundan – AFFA-nın cərimələrindən çəkinib “özündənrazı bəy”i sona kimi oynatdı.

Bunun adı sadəcə, biabırçılıqdır. Bu, adi narazılıq deyil. İllərdir futbolumuzda danışdığımız peşəkarlıq probleminin ən açıq göstəricisidir. Futbolçu qərara tabe olmursa, məşqçilər kor-koranə baxırsa, rəhbərlik stadionda olduğu halda reaksiya verilmirsə, bəs bu klub necə idarə olunur?

Oyunçu oyundan çıxmağı rədd edirsə, baş məşqçi sözünü keçirə bilmirsə və rəhbərlik bunun fərqində deyilsə… Bu, artıq adi bir epizod deyil, komandada sistemin çökməsi deməkdir.

Komandanın oyunu daxil, nizam-intizama qədər, hər tərəfdə dağınıqlıq görünürsə, deməli, idarəçilik tamamilə sıradan çıxıb. Belə görünür ki, yevlaxlılar həvəskar liqa ilə Premyer Liqanı səhv salıblar. Azarkeşin üzünü klubun vitse-prezidenti Kənan Kərimova tutaraq, “2 milyon yarımı yediz, budur futbolunuz?” deməsi başqa bir xoşagəlməz mənzərə idi.

Kənan Kərimovdan tutmuş, baş məşqçiyə qədər, hər kəsin üzərinə düşən məsuliyyət var. Azarkeş hayqıra-hayqıra boşuna demir “hanı bu 2 milyon yarım?” “Qarabağ” 200 min manata oyunçu transfer edir və həmin futbolçu ilə milyon avrolar qazanır. Və həmin oyunçu ilə UEFA Çempionlar Liqasında inanılmazları həyata keçirir. İndi azarkeş haqlıdır ki, sizdən hesab sorsun: Hara gedir bu milyonlar? Hara xərclədiz?

Azarkeşlərin oyunun sonundakı “istefa” çağırışları, komandanı fitə basmaları, əllərindəki plastik qabları oyunçu demədən, polis əməkdaşı demədən kimə gəldi tullamaları “göz oxşayırdı”.

Bir tərəfdə futbolçu meydanda özbaşınalıq edir, digər tərəfdə isə oyunun gedişində azyaşlı azarkeş rahat şəkildə meydana daxil olur. Bu da göstərir ki, nə təhlükəsizlik, nə təşkilatçılıq, nə intizam… Heç biri normal səviyyədə deyil.

“Karvan-Yevlax” təkcə oyunda uduzmur, əksər sahələrdə uduzur. Uduzduğu təkcə “Kəpəz” deyil, həm də sistemə, nizam-intizama, peşəkarlığa, məsuliyyətə uduzur.

Bir komandanın nəticələri pis ola bilər. Bu, futboldur, normaldır. Amma klubun içində xaos hökm sürürsə, meydanda futbol yox, özbaşınalıq öz işini görürsə, bu, artıq texniki problem deyil, idarəçilik böhranıdır.

“Karvan-Yevlax”ın rəhbərliyi anlamalıdır ki, hər məğlubiyyətin kökündə yalnız adi səhvlər dayanmır. Komanda daxilindəki intizamsızlıq, mənəm-mənəmliyin meydanda sərgilənməsi, oyunçular arasında anlaşmanın olmaması və ən əsası, rəhbərliyin buna göz yumması klubun imicini yerlə-yeksan edir.

Bu klub ya silkələnməlidir, ya da çöküş uzun sürməyəcək. Futbolun inkişafı üçün bölgə klublarının güclü olması vacibdir. Amma bu cür hallar göstərir ki, bəzi komandalar hələ də peşəkar səviyyəyə uyğun davranış qaydalarını mənimsəməyiblər. “Karvan-Yevlax” da həmin siyahının önündə gedir. Klub intizam qaydalarını sərtləşdirməsə, məşqçi-oyunçu münasibətlərinə ciddi nəzarət etməsə, rəhbərlik məsuliyyət daşımadığını göstərməyə davam etsə, bu xaos daha da dərinləşəcək.

Fəxri Rüstəmli

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button