
Futboldakı zədədən sağaldı, evdə barmağını sındırdı
“Çelsi”nin futbolçusu Koul Palmer bir neçə həftə meydana çıxa bilməyəcək.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Enzo Mareska məlumat verib.
İtaliyalı çalışdırıcı bildirib ki, Palmer demək olar ki, qasıq nahiyəsindəki zədəsini tam bərpa edib və geri dönüşə çox yaxın olub. Ancaq futbolçu evdə yaşadığı bədbəxt hadisə nəticəsində ayaq barmağını sındırıb:
“Onun bərpası demək olar tamamlanmışdı. Qasıq zədəsindən sonra yaxşı vəziyyətə gəlmişdi, amma kiçik bir problem yarandı. O, “Bernli”yə qarşı matçda oynamayacaq, “Barselona” ilə oyunu da buraxacaq, eyni zamanda “Arsenal”la görüşdə də iştirak etməyəcək. Təəssüf ki, evdə bədbəxt hadisə baş verdi və o, ayaq barmağını sındırdı. Bildiyimiz tək şey odur ki, ən azı bu və gələn həftə meydanda olmayacaq”.
“Çelsi” “Barselona” ilə UEFA Çempionlar Liqasının oyununu noyabrın 25-də, “Arsenal”la Premyer Liqa matçını isə həmin ayın 30-da keçirəcək. London təmsilçisi noyabrın 5-də, Çempionlar Liqasının 4-cü turunda Bakıda “Qarabağ”la qarşılaşıb – 2:2.
Bizi Facebook-da izləyin



