Səssiz Azərbaycan futbolu – Stadionlarımız niyə boş qalır?

Azərbaycan Premyer Liqasının matçlarında tribunalara baxırsan, boş oturacaqlar, arada bir neçə “sətir” insan, bəzi oyunlar istisna olmaqla, ümumiyyətlə səssizlik.

Fransa millisi ilə heç bir əhəmiyyəti olmayan matçda (1:3) 32 minlik arenanı dolduran azarkeşlər 8-9 minlik stadionları niyə doldurmur?

Niyə həmin azarkeşlər “Araz-Naxçıvan” – “Turan Tovuz” matçında olmayacaq?

Bəzi oyunlar istisnadır. Xüsusi tədbirlər hesabına tribunalara məcburiyyətdən gələn insanlar da (azarkeş deyil ha) çox olur. Amma ümumi tablo hələ də ürəkaçan deyil: azarkeşsizlik Premyer Liqanı bomboz göstərir.

Niyə belə oldu?

Bakıdakı və regionlardakı stadionların ölçüləri çox vaxt klubların real auditoriyasından xeyli böyük görünür. Böyük, müasir stadion gözə xoş gəlir, amma 30-35 minlik tribunalarda 1-2 min insan olarsa, görüntü acınacaqlı olur. Bu, “boşluq effektini” gücləndirir və TV qarşısındakı izləyicidə də “stadionda heç kim yoxdur” hissi yaradır. Və hətta 7-8 minlik stadionlarımız da oxşar durumdadır.

Baxın 6 minlik Tovuz şəhər stadionuna. Tovuz nümunəsi bu baxımdan nümunədir.

Bəzi oyunlar üçün biletlərin satışı və qiymət siyasəti məqbul olsa da, həftəiçi oyunlar, axşam matçları, bunlar insanlar üçün əlavə maneələr yaradır. Hələ mən azarkeşləri gözləyən qarşıdakı soyuq havaları demirəm. Həmçinin, sosial medianın və klub marketinqinin bəzən passiv qalması, uşaq biletləri və tədbir atmosferi yaratmaq üzrə konkret təşəbbüslərin olmaması da təsir edir. Rəsmi satış göstəriciləri bəzi derbilərdə yaxşı olsa da, bunun hamıya şamil edilə bilmədiyi görünür.

Klub mədəniyyəti və azarkeş mənsubiyyəti hissinin zəifliyi

Azarkeşlik təkcə matça gəlmək deyil. Bu, ailə ənənəsi, məktəb, məhəllə komandasının təbliği və regional qürurdur. Azərbaycanda bu ənənə müəyyən yerlərdə güclü olsa da, bir çox yerlərdə hələ formalaşma mərhələsindədir. Gənc nəsil üçün klubun bir marka olması, fan-klub, gənclər proqramları hələ yetərincə genişlənməyib. Komanda ilə hissi bağlayacaq lokal layihələr, məktəb proqramları və ictimai tədbirlər məhz bu boşluqları doldurmalıdır.

İzləyici üçün əsas motivasiya yaxşı mübarizə, dramatik oyunlar və rəqabətdir. Bizim Premyer Liqa mübarizəsində ondan danışmaq yersizdir. Matçlar monoton, nəticələr qabarıq fərqlərlə yekunlaşırsa, səviyyə və maraq düşür. Bəzi mövsümlərdə liderlərin üst-üstə qalibiyyətləri və dramatik qarşılaşmaların azlığı ümumi marağı azaltmış ola bilər (bu da tamaşaçı marağını öldürür).

Artıq insanlara internetdən, kanallardan qısa kliplərə baxmaq daha rahat gəlir: evdə isti, rahat kreslo, çay – belə meyarlara üstünlük verilir. Televiziya və onlayn yayımın keyfiyyəti yaxşıdırsa, bir qism insanlar tribunada olmaq əvəzinə ekran qarşısında qalmağı seçir.

Şəhərlərarası səyahət, nəqliyyatın rahatlığı, avtomobil parkı və stadionların ətrafının xidmət səviyyəsi də vacibdir. Bəzən bölgələrdə transport məhdudiyyəti və gec saatlarda təhlükəsizlik məsələləri azarkeşləri evdə saxlayır.

Məsələ şikayət deyil, çıxış yolu axtarmaqdır. Bir neçə məntiqli addım atmaq olar.

Azsaylı azarkeş tutumuna məxsus stadion və daha dolu tribunalar. Region klubları üçün uyğun ölçülü, daha “doluluq hissi” verən məkanların prioritetləşdirilməsi. Böyük stadionlar hamı üçün əlçatan deyil. “Turan Tovuz”un hər zaman dolu tribunaları buna misaldır. Və bunu etmək o qədər də çətin deyil.

Bizim futbolu rəngli, hərtərəfli və insanlarla dolu etmək mümkündür. Problemi inkar etməklə yox, faktlara və rəqəmlərə baxmaqla başlamaq lazımdır. Statistikalar göstərir ki, orta tamaşaçı sayı bir neçə min civarındadır, bəzi oyunlar isə istisnadır. Bu, düzəldilə bilən struktur və mədəni məsələdir. Təəssüf ki, Azərbaycan futbolu hər zaman səssiz olub…

Tribunaları dolu, səsli etmək üçün həm PFL, həm AFFA, həm də klublar eyni istiqamətdə hərəkət etməlidir. Əks halda, bizim Premyer Liqanın səsi nəinki uzaqlardan eşidilməyəcək, heç öz qulağımıza çatmayacaq.

Fəxri Rüstəmli

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button