Ağsunun komandası Ağsuda oynamalıdır!

Cabir Cəfərov

“Ağsu Siti” bu mövsüm AFFA Region Liqasında çıxış edir. Komandaya haqsız olaraq verilmiş, hazırda apellyasiya şikayəti olunan texniki məğlubiyyəti nəzərə almasaq, komanda keçirdiyi hər üç matçda qalib gəlib.

Amma ən acınacaqlısı nədir?
Bu komanda öz doğma Ağsusunda yox, məcburiyyətdən İsmayıllıda oynayır! Niyə? Çünki AFFA Ağsu Mərkəzi Stadionunu “Ağsu Siti”yə bir oyun üçün 1000 manata “icarəyə vermək” istəyir.

Region Liqası klublarına AFFA-nın verdiyi bir oyunluq 300 manatı nəzərə alsaq, bu tələb sadəcə məntiqsiz deyil, futbolun inkişafına açıq-aşkar zərbədir.

Maraqlısı nədir? İsmayıllı stadionu bir oyun üçün Ağsu komandasından 100 manat alır. Onda sual yaranır: Niyə komandadan təmsil etdiyi rayonun stadionunda oynamaq üçün 10 dəfə baha qiymət istənilir? Bir matçda 2-3 min insanın gəlib komandanı dəstəkləyəcəyi Ağsuda boş tribunalar “göz oxşayır”. Çünki AFFA qərar verir ki, “Ağsuda oynamaq üçün 1000 manat verin”. Bu yanaşma sadəcə absurd deyil, Ağsuya hörmətsizliyin açıq göstəricisidir.

“Ağsu Siti” bu rayonun sevimli komandasıdır. Komanda Ağsuda oynasa, stadionda izdiham olacaq, yenidən futbol ab-havası yaranacaq, gənclər motivasiya olacaq, insanlar komandanı dəstəkləyəcək. Bu gün komanda başqa rayonda oynadığı üçün yerli iş adamları belə, sponsorluq etməkdən çəkinir. Çünki haqlı olaraq deyirlər: “Biz sponsorluq edirik, amma komanda burada oynamır. Bunu kim görəcək?”

“Ağsu Siti” bu gün Region Liqasında çıxış edir, amma klubun strukturu, planları, uşaq futboluna yanaşması tam peşəkar səviyyədədir. Bu komanda sabah daha yuxarı liqalarda ola bilər. Yetər ki, AFFA qarşısını kəsməsin!

AFFA doğrudan da futbolun inkişafını istəyirsə, niyə bir komandaya öz evində oynamaq hüququnu qadağa edən qərar verir? Niyə stadionu əlçatan etmək əvəzinə, 1000 manatlıq baryer qoyur?

Stadion işçiləri də, klub da, azarkeşlər də bu qərardan zərər görür. AFFA stadionu sərfəli qiymətlə versə, həm stadionun özünə pul daxil olar, həm işçilərin maaşı güclənər, həm də rayon futbolu nəfəs alar. Axı, o stadionu qoruyub-saxlayan, qayğısını çəkən adamların da əməyinə hörmət lazımdır!

AFFA-nın qərarı təkcə maliyyə məsələsi deyil. Bu, rayon futboluna göstərilən biganəliyin, laqeydliyin və ədalətsizliyin bariz nümunəsidir. Futbolu inkişaf etdirmək istəyən qurum birinci növbədə bölgələrdəki komandaların nəfəsini kəsməməlidir. Ağsu kimi futbol ənənəsi olan bir rayonu bu vəziyyətə salmaq ayıbdır, utancdır.

Bir tərəfdən milyonluq layihələrdən danışılır, digər tərəfdən isə bir komandanın öz meydanında oynamasına imkan verilməyəcək dərəcədə ağır şərtlər qoyulur. Bunu hansı məntiq qəbul edir? Futbolu dirçəltmək istəyən AFFA niyə bir bölgənin idmanını qəsdən çökdürürmüş kimi davranır?

Bu gün Ağsu gəncləri matçları başqa rayonda izləməyə məcbur qalır. Valideynlər övladlarını oyuna aparmaq istəyir, amma məsafəyə görə gedə bilmir. Ardıcıl qələbələr qazanan bir komanda var, amma öz azarkeşindən uzaqda oynayır.

Bütün rayon bunu danışır, hamı narazıdır. İnsanlar sual verirlər: “Niyə bizi öz stadionumuzdan uzaq salırlar?” Bu sualın cavabı yoxdur. Çünki verilən qərarın məntiqi yoxdur.

“Ağsu Siti” təkcə bir komanda deyil – bu rayonun ümididir, nəfəsidir, sevgisidir. AFFA həqiqətən futbolun inkişafını istəyirsə, ilk növbədə bölgələrdəki komandaların boğazına bu cür maddi kəndir salmaqdan əl çəkməlidir.

Ağsu öz komandasını öz stadionunda görmək istəyir. Ağsunun komandası Ağsuda oynamalıdır!

Bu qədər sadə, bu qədər aydın, bu qədər emosional və bu qədər haqlı!

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button