“Azərbaycan kubokuna sponsor tapmaqla tilsimi qırdıq” – MÜSAHİBƏ

Peşəkar Futbol Liqası (PFL) bu gün “Bizon” şirkəti ilə sponsorluq müqaviləsi imzalayıb.

Komanda.az xəbər verir ki, tədbirdən sonra PFL-in Media və Marketinq Departamentinin rəhbəri Sənan Abdullayevin jurnalistlər üçün brifinqi keçirilib:

– Öncə müqavilə ilə bağlı fikirlərinizi bölüşərdiz…

– Bu, həm Peşəkar Futbol Liqası, həm də Azərbaycan futbolu üçün yeni mərhələdir. Hər iki tərəfin peşəkarlığı bu anlaşmada önəmli rol oynadı. Bu yöndə bir neçə qurumla danışıqlar olmuşdu. Amma danışıqlar müəyyən mərhələdən sonra dayanırdı. “Avrora Qrup”dan tam peşəkar yanaşma gördük. Ceyhun bəyin (“Avrora Qrup”un prezidenti Ceyhun Abbasov) dediyi kimi, onun da futbol oynaması bu addımda rol oynadı. Çox sevinirik. Uzun müddətdən sonra turnirin sponsoru olacaq, “Bizon” Azərbaycan kuboku adlanacaq. Bu, bizim üçün də, qarşı tərəf üçün də önəmlidir. Azərbaycan futbolu üçün xeyirli olsun.

– Aşağı liqalara sponsor tapmaqla bağlı perspektivlər var?

– Təbii ki, bu yöndə işlər davam edir. Kuboka sponsor tapmaqla tilsimi qırdıq. 1-ci və 2-ci Liqa ilə bağlı da planlarımız var. Danışıqlarımız davam edir. Ümid edirəm ki, burada gördüyümüz peşəkar yanaşmanı digər yerlərdə də görərik.

– Kubokun qalibi üçün xüsusi mükafat nəzərdə tutulub?

– Planlar var. Bütün sirlərin üstünü açmayaq. Mərhələnin ən yaxşı qolunu seçməyi düşünürük. Bu, “Bizon” tərəfindən seçiləcək. Media nümayəndələri ilə bağlı da planlarımız var. Böyük vədlər verib yalançı çıxmayaq. Amma müəyyən planlar var. Əminəm ki, Azərbaycan futbolu müsbət nəticəsini görəcək.

– “Bizon” şirkəti maliyyəni ayıracaq. Amma onun necə xərclənəcəyini PFL müəyyənləşdirəcək?

– Qalibə pul mükafatının ayrılması planda yoxdur. Bu, həm bizim üçün, həm də “Bizon” üçün bir sınaqdır, ilkin mərhələdir. Uzunmüddətli ola bilər. Burada qazanılan hər şey Azərbaycan futboluna yönəlməlidir. İlk mərhələ olduğuna görə böyük vədlər verə bilmirik.

Tərəflər arasındakı anlaşmaya əsasən, Azərbaycan kuboku 2025/26 mövsümündən etibarən “Bizon” Azərbaycan kuboku adlandırılacaq.

Fəxri Rüstəmli

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button