
Nüfuzunu xərcləməkdə olan “Qəbələ”, səbri tükənən Tsxadadze
Ötən mövsümün sonunda yenidən Premyer Liqaya yüksələn “Qəbələ” azarkeşlərini ümidləndirmişdi. Klubdan elitada iddialı olacaqlarını da dilə gətirirdilər. Mövsümə hazırlıq dönəmində komandanın əvvəlki nüfuzunu geri qaytaracağı bildirilirdi. Ancaq geridə qalan 4 turda qeydə alınan nəticələr fərqli mənzərə ortaya qoyur. Komanda keçirdiyi dörd oyunda toplamalı olduğu 12 xaldan yalnız birinə yiyələnə bilib. Onu da, özü kimi cari mövsümdə Premer Liqaya vəsiqə qazanan “Karvan-Yevlax”la matçdakı heç-heçə sayəsində. Əvvəlki nüfuzunu geri qaytarmaq istəyən “qırmızı-qaralar” hazırda 1 xalla turnir cədvəlinin sonuncudan əvvəlki – 11-ci pillədə qərarlaşıb.
İllərdir Azərbaycan futboluna istər Premyer Liqa səviyyəsində, istərsə də infrastuktur baxımından önəmli töhfələr verən “Qəbələ”, belə görünür, bu dəfə ölkə çempionatına düzgün yanaşmayıb. Ötən mövsüm 1-ci Liqada “tək ayaq”la çempion olan bölgə təmsilçisi Premyer Liqada bir növ, özünü tapmaqda çətinlik çəkir. Mövsüm başlamazdan əvvəl klub rəhbərliyi akademiyanın fəaliyyətini dayandırdı. Bu addım maliyyə imkanlarının məhdud olması ilə əlaqələndirildi və ora ayrılan vəsaitin əsas komandaya yönləndiriləcəyi bildirildi. Məqsəd də Premyer Liqada rəqabətədavamlı komanda formalaşdırmaq idi. Ancaq ilk dörd turda qeydə alınan nəticələr bu qərarın doğruluğunu şübhə altına salır.
Komandanın baş məşqçisi Kaxaber Tsxadadze “Qəbələ” 1-ci Liqada olduğu zaman klubdan ayrılmadı, “qırmızı-qaralar”ın yanında olduğunu nümayiş etdirərək, sadiqliyini göstərdi. Ancaq belə görünür, artıq gürcü mütəxəssisin də səbr kasası daşmaq üzrədir. O, son turda “Turan-Tovuz”a məğlubiyyətdən (0:1) sonra təkrar-təkrar heyətin yetərsizliyindən narazılığını dilə gətirdi.
Sitat: “Heyətimiz güclənməlidir. Komandada rəqabət olmalıdır. 11 nəfər oyunçu ilə davam etmək olmaz”.
Görünür ki, yerli futbolçuların səviyyəsi gürcü mütəxəssisin o qədər də ürəyincə deyil. Komandanın hücumdakı “dişsizliy”i də ayrı bir dərddir.
“Qəbələ”nin qarşısında oktyabrda baş tutacaq milli komandaların fasiləsinə qədər 3 vacib oyun durur. Komanda öncə doğma azarkeşləri önündə Premyer Liqanın sonuncusu – “Kəpəz”i qəbul edəcək. “Qırmızı-qaralar”ın “qara zolaq”dan çıxması üçün bundan gözəl fürsət ola bilməz. Bu oyuna görə isə Tsxadadzenin hansısa bəhanəsi çətin ki, olsun. Yaxşı hazırlaşıb 3 xal qazanmaqla, oyunçularda müəyyən ruh yüksəkliyinə və qarşıdakı matçlarda daha inamlı çıxış etmələrinə nail olmaq olar.
Növbəti oyundakı rəqib isə Premyer Liqanın ən güclüsü “Qarabağ” olacaq. “Köhlən atlar”la matçda yəqin ki, heç kim qəbələlilərdən qənaətbəxş nəticə gözləməyəcək. “Qırmızı-qaralar” Ağdam təmsilçisi ilə oyunda rəqibin uzaqbaşı, başının Çempionlar Liqasına qarışmasından faydalana bilər. Tsxadadzenin komandası ağdamlıların ÇL yorğunluğundan istifadə edə bilər, ya bilməz, bunu artıq zaman göstərəcək. Hərçənd ki, çox da uzaq olmayan ötən mövsümdə “Turan-Tovuz”un “Qarabağ”la matçlardakı ifasında bunun bir neçə dəfə şahidi olduq. Tovuzlular “Qarabağ”ın başının Çempionlar Liqasına qarışıq olmasından maksimum faydalanmış və sözün əsl mənasında ağdamlılara baş ağrısı olmuşdu. Söz yox ki, hazırkı “Qəbələ” “Turan-Tovuz” səviyyəsində komanda deyil.
Milli komandalarla bağlı fasiləyə kimi “Qəbələ”nin sonuncu rəqibi “Şamaxı” olacaq. Komanda bu matçı da evdə, azarkeşləri önündə keçirəcək. “Şamaxı”nı xal və xallar almaq baxımından, aşağı-yuxarı, “Qəbələ”nin “dişi”nə görə rəqib saymaq olar. Bu matçı qələbə ilə başa vurmaq və fasiləyə yüksək əhval-ruhiyyədə yollanmaq olar. Sonra isə… Qış fasiləsi o qədər də uzaqda olmayacaq. Artıq səbri tükənən Tsxadadze bəlkə, qış transfer dövründə klub rəhbərliyindən yeni transferlər tələb edə bilər.
Fəxri Rüstəmli
Bizi Facebook-da izləyin


