
“Kasıb oğlan” “Qarabağ”
Fəxri Rüstəmli
Niyə özünüzü yorursuz? Adamlar transfer etmir də. Zorladır? Guya ki, yüz ölçüb, bir biçirlər. Tədbirli davranmaq, pulu sağa-sola xərcləməmək olar. Amma bu qədər də yox da.
Bir azarkeş “Qarabağ” rəhbərliyinə xitabən yazıb ki, “Elə düşünün, ölkə rəhbəri sizə 5 milyon manat ayırmayıb. Elə hesab et ki, bu pul yoxdur da, göydəndüşmə olub. Amma var, onun yarısını ayır, heç olmasa düz-əməlli hücumçu gətir”. O qədər də haqsız deyil, düzdür?
İngiltərə klubları, xüsusən də, “Liverpul” yay transferlərinə yarım milyard avroya yaxın pul xərcləyib. O “Liverpul” ki, “Qarabağ”la eyni turnirdə – Çempionlar Liqasında oynayacaq və bizim komandanın birbaşa rəqiblərindən biridir. Təbii ki, “Qarabağ”ın nəinki yarım milyard, heç 20-30 milyon avro transferlərə ayırmağa gücü yoxdur. Amma “Liverpul” necə deyərlər, öz çapında transferlər edirsə, sən də öz çapında etməlisən. İngiltərə klubu Çempionlar Liqasında çempionluq üçün oynayırsa, sənin də hədəfin var və ya olmalıdır axı: döyüşmək, xallar qazanmaq, bura boş yerə gəlmədiyini göstərmək. İngilislər öz iddialarına, hədəflərinə görə Aleksander İsaka 144 milyon avro xərcləyirsə, sən də heç olmasa, 3-4 milyon avro bir hücumçunun transferinə verməlisən. İngiltərədə ingilis hücumçu yox idi ki, “Liverpul” iki ətək pul verib “Nyukasl”dan isveçli İsakı aldı?
Düzdür, “Qarabağ” bir az “çərçivə”dən çıxıb deyə, artıq bu komandanı Avropa Liqasından daha üstün yerlərdə görmək istəyir azarkeşlər. Komanda pley-off mərhələsini keçməsəydi, gedəcəkdi Avropa Liqasına. Orda da, inanın ki, çoxuna maraqlı olmayacaqdı “Qarabağ” Avropa Liqasına Nəriman Axundzadə ilə gedir, ya Musa Qurbanlı ilə. Orda “köhlən atlar”a bəlkə, heç Sambu Sumano, ya da, Juninyo da lazım olmayacaqdı. Amma bura Avropa Liqası deyil. Bura Avropanın ən güclülərinin, “divlər”in olduğu Çempionlar Liqasıdır.
Vaxtı ilə “Qarabağ” braziliyalı Juninyonu Braziliya klubu “Flamenqo”ya 5 milyon avroya satanda fəxr edirdiksə, indi məyusuq. Sata bilirsənsə, almağı da bacarmalısan. Özü də, vaxtında almağı.
Bizi Facebook-da izləyin



