“Musayev məni meydanın mərkəzində maşına çevirdi” – “Qarabağ”ın futbolçusu

“Qarabağ”ın və Azərbaycan millisinin yarımmüdafiəçisi Aleksey İsayev “Sabah”da birgə çalışdığı keçmiş çalışdırıcısı Murad Musayev haqda xoş sözlər deyib.

Komanda.az xəbər verir ki, azərbaycanlı futbolçu “Championat”-a verdiyi müsahibədə rusiyalı mütəxəssisin onun karyerasında mühüm rol oynadığını bildirib:

“Murad Oleqoviçə və onun bütün heyətinə salam göndərirəm. Onlara çox hörmət edir və qiymətləndirirəm, bu gün də izləyir, dəstək oluram. Musayev mənə inanmışdı, amma artıq fərqli – peşəkar futbolçu kimi. Xarakter baxımından da bir-birimizə uyğun idik. Onun iş üslubu xoşuma gəlirdi, yanında özümü evdəki kimi hiss edirdim. Əvvəllər daha çox “10 nömrə” kimi oynayırdım, amma Musayev məni “8 nömrə” rolunda sınadı və bu mövqeyə aşiq oldum”.

İsayev etiraf edib ki, yeni rola uyğunlaşarkən məhsuldarlığı bir qədər azalsa da, Musayevin dəstəyi ilə meydanda daha faydalı oyunçuya çevrilib:

“Bəzən əsəbiləşirdim ki, qol vurmuram, amma Musayev daim mənimlə danışır, izah edirdi ki, bu mövqedə komandaya daha çox fayda verirəm. O, məni meydanın mərkəzində maşına çevirdi”.

Futbolçu həmçinin, keçmiş baş məşqçisini yüksək səviyyəli insan və daim inkişafı hədəfləyən mütəxəssis kimi xarakterizə edib:

“Musayev qayğıkeş, mədəni, böyük hərflə – İnsandır. O, daim yeniliklər axtarır və futbolçunun meydandan kənar həyatına da biganə qalmır”.

Aleksey İsayev Krasnoyarsk futbolunun yetirməsidir. O, peşəkar karyerasında “Yenisey”, “Zenit-2”, “Sabah” və hazırda formasını geyindiyi “Qarabağ”da çıxış edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button