“Azərbaycan Şahmat Turu” layihəsinin ilk 6 yarışına 1553 iştirakçı qatılıb

İlk dəfə keçirilən “Azərbaycan Şahmat Turu” (Chess Tour Azerbaijan) layihəsinin ilk 6 yarışında 1553 (onlardan 300-ü qadın) iştirakçı mübarizə aparıb.

Bu barədə Komanda.az-a Azərbaycan Şahmat Federasiyasından məlumat verilib.

Bildirilib ki, yaz-yay mövsümündə nəzərdə tutulan “open” yarışları yekunlaşıb.

Qatılanlar arasında 26 GM, 37 IM, 2 WIM, 35 FM, 6 WFM, 14 CM, 12 WCM titullu şahmatçılar var. Bütün bu sayı 20 fərqli federasiyadan 971 fərqli adda şahmatçı təşkil edib.

“Chess Tour Azerbaijan” layihəsinin yekunlaşan turnirlərində nəticələrə əsasən əsas ulduz Xaqan Əhməd olub. 5 yarışdan 3-də qalib olan Xaqan Şəkidən Qubayadək reytinqini 56 vahid artırmaqla 2449-a çatdırıb.

Beynəlxalq usta (IM) Xəzər Babazadə “Baku Open”də uğurlu çıxışının təsadüfi olmadığını “Shamakhi Open”in qalibi olmaqla təsdiq edib. Ardınca Xəzər Türkiyə 1-ci liqasında uğulu çıxış edərək 2500-lük reytinq səddini aşmağı da bacarıb.

Ukrayna təmsilçisi GM Vitaliy Bernadski iştirak etdiyi 5 yarışdan 3-də 2-ci, 1-də isə 4-cü olmaqla layihənin yaddaqalan simalarından birinə çevrilib.

4 şahmatçı seriyada bu günədək keçirilən 6 yarışın hamısında iştirak edib. Bunlar – IM Vüqar Manafov, CM Tunar Davudov, Ələkbər İsmayılov və Sadəgül Əfəndidir. 9 şahmatçı 5 yarışda, 53 şahmatçı 4 yarışda, 102 şahmatçı 3 yarışda, 167 şahmatçı 2 yarışda iştirak edib.

Yarışlar üzrə iştirakçı sayı aşağıdakı kimidir:
• Baku Open – 576 şahmatçı
• Sheki Open – 260 şahmatçı
• Shamakhi Open – 102 şahmatçı
• Lankaran Open – 176 şahmatçı
• Guba Open – 234 şahmatçı
• Gashimov Open – 205 şahmatçı

Noyabr ayında Şirvan və Gəncə şəhərlərində seriyanın növbəti (sonuncu) 2 turniri keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button