“İmişli” rəsmisi baş məşqçi postuna portuqaliyalı gətirilməsinin səbəbini açıqladı – MÜSAHİBƏ

“İmişli”nin icraçı direktoru Aqşin Mürsəlov Komanda.az saytına müsahibə verib. Həmin müsahibəni təqdim edirik:

Aqşin bəy, yeni mövsüm üçün hədəfləriniz nələrdir?

– Yeni mövsümdə əsas hədəfimiz Premyer Liqada layiqli çıxış etmək, rəqabətədavamlı komanda formalaşdırmaq və İmişli azarkeşlərinə qürur verəcək nəticələr bəxş etməkdir. Biz yalnız elitada qalmaq deyil, mübarizə aparmaq üçün gəlmişik. Uğurumuzun davamlı olması üçün heyət baxımından ciddi işlər görürük.

Stadiondakı bərpa-tikinti işləri necə gedir? Mövsümün startına kimi tam hazır olacaq?

– Biz sizi tam anlayırıq və səmimi olaraq demək istəyirik ki, stadionumuzda əsaslı təmir işlərinə start verilməsi tək klubdan asılı deyil. Bu məsələdə sağ olsun, AFFA rəhbərliyinin dəstəyi sayəsində ən yaxın zamanda stadionun mülkiyyət məsələsi öz həllini tapacaq. Stadionun ot örtüyündən tutmuş tribunalarına, paltardəyişmə otaqlarından media zonalarına qədər, hər şey tam şəkildə yenilənəcək. Ancaq tam olaraq nə vaxt hazır olacağı barədə bu gün dəqiq tarix vermək çətindir. Çünki bu, həm texniki, həm də maliyyə baxımından böyük və kompleks bir layihədir. Amma məqsədimiz aydındır: ən yaxın zamanda ev oyunlarımızı doğma İmişlimizdə keçirmək. Azarkeşimizin səsini, tribunamızın coşqusunu, rayonumuzun ruhunu evimizə qaytarmaq istəyirik.

– İşıqlandırma sisitemi ilə bağlı problem aradan qaldırılıb?

– Məqsədimiz İmişliyə Premyer Liqa standartlarına uyğun, müasir və funksional stadion bəxş etməkdir. Bu baxımdan, hazırlanmaqda olan ümumi layihədə işıqlandırma sistemi başlıca yer tutur. Axşam oyunlarının keçirilməsi, televiziya yayımı və azarkeş rahatlığı üçün bu, əsas texniki şərtlərdəndir.

– Necə düşünürsüz, Premyer Liqaya uyğun heyət formalaşdıra biləcəksiz?

– Heyətin formalaşdırılması prosesi davam edir və biz tam məsuliyyətlə deyə bilərik ki, Premyer Liqa səviyyəsində mübarizə apara biləcək bir komanda qururuq. Transfer siyasətimiz gənc və istedadlı yerli futbolçularla yanaşı, təcrübəli legionerlərin də komandamıza cəlb olunmasını nəzərdə tutur. Hər mövqedə alternativlər olacaq.

– Legioner oyunçular İmişlidə özlərini komfortlu hiss edirlər?

– “İmişli” Futbol Klubu olaraq başa düşürük ki, legioner futbolçular üçün yeni bir ölkəyə və mühitə uyğunlaşmaq heç də asan proses deyil. Onların performans göstərə bilməsi üçün ilk növbədə özlərini güvənli, rahat və dəyərli hiss etmələri vacibdir. Bunun üçün əlimizdən gələni edirik.

– Bu qədər təcrübəli və işsiz yerli baş məşqçi varkən, komandanız portuqaliyalı mütəxəssisə tapşırıldı…

– Premyer Liqaya vəsiqə qazandıqdan sonra qarşıda duran ilk və ən vacib məsələlərdən biri baş məşqçi seçimi idi. Bu, təsadüfi verilən qərar olmadı. Komandanın gələcəyini formalaşdıracaq, oyun sistemini quracaq, eyni zamanda, gənc oyunçulara yön verəcək bir mütəxəssis axtarırdıq.

– Xorxe Kasqilyanı hansı kriteriyalarına görə komandaya baş məşqçi təyin etmək qərarına gəlmisiz?

– Bir çox yerli və xarici məşqçilərlə görüşlərimiz və danışıqlarımız oldu. Hər bir namizədi diqqətlə dəyərləndirdik: onların təcrübəsi, oyun fəlsəfəsi, komanda ilə işləmə tərzi bizim üçün əsas meyarlar idi. Portuqaliya futbol məktəbinin nümayəndəsi olan bu mütəxəssis – həm taktiki hazırlığı, həm də gənclərlə işləmək bacarığı baxımından bizim məqsədlərimizə ən uyğun namizəddir. Onun bu zamana qədər qazandığı təcrübə, sistemli yanaşması və komandaya gətirəcəyi nizam-intizam “İmişli” üçün yeni bir mərhələnin başlanğıcı olacaq. Bu səbəbdən də, qərarımız portuqaliyalı mütəxəssisin lehinə oldu. Və bu qərarın müsbət nəticələr verəcəyinə inanırıq.

– Sabiq baş məşqçiniz Fərid Namazova güvəndiyinizi və onun potensialından tam istifadə edəcəyinizi demişdiz. Nə baş verdi ki, Premyer Liqa oyunları üçün şans vermədiz?

– Fərid Namazovu Azərbaycan futboluna qazandırdığımızı düşünürük. “İmişli”nin Premyer Liqaya yüksəlməsi yolunda böyük rol oynayıb, gənc və perspektivli bir mütəxəssis kimi komandamıza ciddi töhfələr verib. Onunla birgə qazandığımız uğur tariximizin ayrılmaz hissəsidir və buna görə ona minnətdarıq. Ancaq Premyer Liqa yeni reallıqlar, daha sərt rəqabət və təcrübə tələb edən bir liqadır. Biz uzun müzakirələrdən sonra, klubun strateji inkişaf planları çərçivəsində beynəlxalq təcrübəyə malik baş məşqçiyə ehtiyac olduğuna qərar verdik. Bu addım şəxsi deyil, sırf peşəkar yanaşmadan irəli gəldi.

Fərid müəllimin potensialına inamımız davam edir və gələcəkdə onunla yenidən əməkdaşlıq etmək ehtimalını istisna etmirik. O, Azərbaycan futbolu üçün önəmli bir fiqur olacaq, bu məsələdə bizim də rolumuz olduğuna sevinirik və inanıram ki, karyerasında yeni uğurlara imza atacaq.

Fəxri Rüstəmli

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button