
DÇ-2034-də spirtli içkilərin istifadəsinə icazə veriləcək
Səudiyyə Ərəbistanı hakimiyyəti 2034-cü ildə ölkədə keçiriləcək futbol üzrə dünya çempionatı zamanı turistlər üçün alkoqollu içkilərin istifadəsinə qismən icazə verməyi planlaşdırır.
Komanda.az xəbər verir ki, bu barədə “The Sun” və “Metro” nəşrləri məlumat yayıb.
Alkoqol qadağası 1952-ci ildən bu yana ölkədə qüvvədədir. Ancaq hakimiyyət yarış öncəsi bu qaydada müəyyən yumşalmalar etməyi düşünür. Çempionat dövründə ölkə üzrə 600-ə yaxın xüsusi turistik zona yaradılacaq və yalnız həmin məkanlarda alkoqollu içkilərin satışı və istifadəsinə icazə veriləcək.
Bununla belə, ictimai yerlərdə, evlərdə və mağazalarda alkoqoldan istifadəyə qoyulan ümumi qadağa qüvvədə qalacaq. Tərkibində 20 faizdən çox alkoqol olan içkilər tamamilə qadağan olunacaq. Bu dəyişiklik yalnız şərab, pivə və sidr kimi daha zəif içkilərin lisenziyalı obyektlərdə – məsələn, beş ulduzlu otellərdə satılmasına şərait yaradacaq.
Daha əvvəl Səudiyyə Ərəbistanının Böyük Britaniyadakı səfiri Xalid ibn Bandar Al Səud “çempionat zamanı alkoqol olmayacaq” demiş və əlavə etmişdi:
“Mədəniyyətimizi kiminsə xatirinə dəyişmək istəmirik. İçkisiz yaşaya bilmirsiz?”
Səudiyyə Ərəbistanı bu addımla Birləşmiş Ərəb Əmirlikləri və Bəhreyn kimi turizm baxımından rəqabətli ölkələrlə ayaqlaşmaq niyyətindədir.
Bizi Facebook-da izləyin



