Bakıdakı dünya çempionatında ilk günə yekun vuruldu

Bakıda minifutbol üzrə dünya çempionatı start götürüb.

Komanda.az xəbər verir ki, ilk gündə 8 matç keçirilib.

Milli Gimnastika Arenasında baş tutan mundialın açılış oyununda Çad və Fransa yığmaları üz-üzə gəliblər. B qrupunun görüşündə avropalılar 1:0 hesablı qələbəyə seviniblər.

Ardınca meydança Türkiyə və Macarıstan seçmələrinin ixtiyarına verilib. Qarşılıqlı hücumlar şəraitində keçən C qrupunun görüşündə qalib müəyyənləşməyib – 1:1.

Turnirin üçüncü qarşılaşması D qrupuna təsadüf edib. Burada azarkeşlər Portuqaliya və Bolqarıstan millilərinin oyununa şahidlik ediblər. Matç birincilərin 3:1 hesablı qələbəsi ilə bitib.

Ardınca mundialın ilk böyükhesablı qələbəsi qeydə alınıb. Ukraynaya 4 cavabsız qolla qalib gələn İngiltərə C qrupunda liderliyi ələ keçirib.

Yarışda tarixə keçə biləcək nəticələrdən biri D qrupunda yaşanıb. Burada Hindistan seçməsi üzərində 15:0 hesablı qələbə qazanan Slovakiya dünya çempionatında iddiasını ortaya qoyub.

Mundialın açılış mərasiminin ardından Azərbaycan millisi A qrupunda ilk oyununa çıxıb. Bəhreynlə qarşılaşan yığmamız hesabı açan tərəf olsa da, nəticəni qoruya bilməyib – 1:1. Bununla da, Elşad Quliyevin rəhbərlik etdiyi milli mundiala xal itkisi ilə start verib.

Yeddinci görüşdə Rumıniya və Özbəkistan kollektivləri güclünü ayırd etməyə çalışıblar. B qrupunun oyununda 2:1 hesabı ilə qalib gələn rumınlar 3 xalı aktivlərinə yazdırmağı bacarıblar.

Günün bağlanış qarşılaşmasında Mavritaniya və Sloveniya futbolçuları münasibətlərinə aydınlıq gətiriblər. Azərbaycan millisinin yer aldığı A qrupunda mübarizə aparan kollektivlərin duelində qalib müəyyənləşməyib – 1:1.

Mundialın ikinci günündə daha 8 qarşılaşma reallaşacaq. Dünya çempionatına iyunun 1-də yekun vurulacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button