Rəşad Sadıqov: “Mən futbolçularımdan çox razıyam”

“Zirə” bu gün Azərbaucan Premyer Liqasının 32 -ci turunda “Kəpəz”lə qarşılaşıb.

Komanda.az xəbər verir ki, Tovuz şəhər stadionunda keçirilən matçdan sonra “qartallar”ın baş məşqçisi Rəşad Sadıqovun mətbuat konfransı keçirilib. Sadıqov 1:0 hesabı ilə qalib gəldikləri oyunu belə şərh edib:

“Gözlədiyimiz kimi çətin oyun keçdi. Nəzərə alsaq ki, rəqib qış fasiləsindən sonra evdə keçirdiyi 7 oyunda məğlub olmamışdı. Bizə meydanda rahat imkan vermirdilər. Buna baxmayaraq, ikinci hissədə hücumlara çıxdıq. Qol vurduqdan sonra rəqib riskli oynamağa başladö, boşluqlar verdi. İkinci qolu vurub daha rahat oynaya bilərdik. Çox vacib üç xal qazandıq.

Düşünürəm ki, avroliqaya üç komandanın şansı qalıb. Yəqin ki, hər üç komanda bunun üçün mübarizə aparacaq. Sevindirici haldır ki, sona beş tur qalmış avrokuboklara vəsiqəni təmin etdik. Qarşıda dörd tur qalıb. “Araz-Naxçıvan” da yaxşı komandadır. Onlar da ikinci pillə üçün mübarizə aparırlar.

Faiz nisbəti ilə götürsək, komandalarımıza daha çox yerli məşqçilər rəhbərlik edir. Mən şəxsən bununla fəxr edirəm. Yerli məşqçiləmizin gördükləri iş, ortaya qoyduğu nəticələrlə qürur duyuram.

Bizim üçün ən vacib olan, prioritet məsələ ikinci pillədə qərarlaşmaqdır. Keçən il praqmatik oynayırdıq. Hansı komanda bizdən yaxşı oynayırdı? “Qarabağ”? “Qarabağ”ı desəm, təbii ki, bizim onlara çatmağımıza hələ çox var. Çata biləcəyik, ya bilməyəcəyik, onu deyə bilmərəm. Mənim üçün “Qarabağ” bir məktəbdir, Qurban Qurbanov bir məktəbdir. Başqa hansı komanda bizdən üstün çıxış edirdi? Mən futbolçularımdan çox razıyam. Papunaşvilidən, Juniordan, Elçin Əlicanovdan razıyam. Bəli, iddialı oyunçular transfer etməmişik. Amma çalışırıq ki, gücümüzə uyğun oyunçular gətirək.

“Kəpəz”in heyətində bəyəndiyim futbolçular bəli, var. Elə ola bilər ki, bəyəndiyim oyunçu olsun, amma həmin mövqedə bizim oyunçumuz olsun. Ad çəkmək istəmirəm. Amma bəyəndiyim oyunçular var. Keçən il Papunaşvilini bəyənirdim, mövqeyində boşluq var idi, transfer etdik. Bu gün iki futbolçuya baxıram, amma baxırsan ki, transfer məbləği yüksəkdir. Ona görə qalırsan çıxılmaz vəziyyətdə. Buna baxmayaraq, bu gün komandamdan razıyam. Heyəti qoruyub saxlamaq çox vacibdir. Bəli, keçənilkindən daha yaxşı, daha hazırlıqlı komandamız var. Çalışacağıq ki, ötənilki uğuru təkrarlayaq. Bu nə dərəcədə alınacaq, bunu zaman göstərəcək”.

“Zirə” növbəti turda evdə “Turan Tovuz”u qəbul edəcək.

Fəxri Rüstəmli

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button