
Mircavadov limitdən, himni oxumayan futbolçulardan şikayətləndi – MÜSAHİBƏ
AFFA Məşqçilər Komitəsinin üzvü Ağasəlim Mircavadov Komanda.az saytına müsahibə verib. Həmin müsahibəni təqdim edirik:
– İşləriniz necə gedir? İlk öncə özünüzlə, işinizlə bağlı danışardız…
– Məşqçilər Komitəsində işləyirik. Layihələr var, onları təqdim edirik. İndi də bir layihə üzərində işləyirik, bir-iki günə bitirib rəhbərliyə təqdim edəcəyik.
– Ölkə çempionatını yəqin ki, izləyirsiz, bir vaxtlar baş məşqçisi olduğunuz “Neftçi” ilə bağlı nə deyə bilərsiz? Sizcə, komandada nə çatışmır?
– Nə çatır ki, nə də çatışmaya? Ümumiyyətlə, hər bir işi görməmişdən əvvəl təhlil lazımdır. Təhlil hər şeyi açıq-aydın göstərir. Birinci, iş ondadır ki, ilyarım ərzində görün komandada neçə baş məşqçi dəyişikliyi olub. Roberto Bordin, Miodraq Bojoviç, Roman Qriqorçuk, indi də Samir Abasov. Üç əcnəbidən sonra yenidən yerli məşqçi təyin etdilər. Yəni, çox qəribə haldır ki, bilmirəm, bu rəhbərlər təhlilləri özləri aparır, ya yox… Ancaq ki, komanda adına uyğun oyun oynamır. Mən kənardan izləyirəm, problemlər çoxdur, komanda daxilində nələr baş verdiyini deyə bilmərəm. Hazırda yerli məşqçi ilə işləyirlərsə, əlbəttə, bu ən düzgün qərardır. Komandalarımız son 15-20 ildə hansı uğuru qazanıblarsa, bu, yerli məşqçilərin sayəsində olub. Bununla da, bu məsələ bağlandı. “Neftçi”nin problemləri həddindən artıq böyükdür. Yerli məşqçiyə vaxt vermək lazımdır.
– O zaman Samir Abasovun düzgün seçim olduğunu düşünürsüz?
– Bəli. Abasov əvvəl də “Neftçi”də işləyib. Komanda onun dövründə çempion da oldu. Futbolun qayda-qanunları var. O qanunlardan biri də odur ki, klubun prezidenti baş məşqçiyə inanmalıdır. Mütləq inanmalı və arxasında dayanmalıdır. Əsas budur. Baş məşqçiyə etibar etməlidirlər.
– Nə qədər vaxt lazımdır ki, klub baş məşqçinin arxasında dayansın və ondan sonra komanda nəticələr verməyə başlasın?
– Nə qədər vaxt lazım olduğunu deyə bilmərəm. Çox qəribə haldır ki, bizdə yerli məşqçi gələndə deyirlər çempion olmalısan, əcnəbiyə isə deyirlər ki, komanda düzəlt. Fərqi görürsən? Mən harda işləmişəmsə, demişəm ki, çempionluğa oynayan komanda düzəldəcəm və o komanda nəticə verəcək. Söhbət çempion olmaqdan getmir. Harda işləmişəmsə, həmişə nəticələr olub. Yəni, komanda səviyyəsində. Və o sözümün üstünə qayıdıram ki, klub rəhbərləri o məşqçini istəyirsə, onun arxasında dayanmalıdır. Futbola aid nə varsa, məşqçilər heyətindən tutmuş, nə varsa, dəstək olmalıdır. Bizim vaxtımızda məşqçilər heyətində iki köməkçi məşqçi olurdusa, indi 8-10 nəfərə kimidirlər. Yəni, bütün bunlar olmalıdır. Bundan başqa, kənardan müdaxilə olunursa, biabırçılıq ola bilər.
– Ölkə çempionatının hazırkı durumu, səviyyəsi sizi qane edir?
– Ən əsas problem odur ki, bizdə yetərincə stadion yoxdur. Əvvəl də bu yox idi. Ola bilər ki, bir süni örtüklü meydança olsun, qalanları təbii idi. Və bu təbii örtüklü meydançaların da durumu yaxşı deyildi. Ot örüyü zəif, ürəkaçan deyildi. Hamımız deyirdik ki, düzəltmək lazımdır. Üstünlüyü verdilər süni örtüyə. Süni örtük də faciələr gətirir. Oyunçuların tez-tez zədələnməsinə gətirib çıxarır. Bundan başqa, ayaqların aşağı hissəsi tez-tez ağrıyır. Belə olan halda da onun sağalması çox vaxt aparır. Amma təbii örtükdə belə hallar yaşanmır. İndi fikirləşin ki, 15-20 il əvvəl də meydançalardan şikayətlənirdik, indi də eyni problemi yaşayırıq. Bəs infrastrukturu düzəltmək lazımdır da. İndi də onun söhbəti gedir. Buna rəğmən, mən deyərdim ki, klublar çalışırlar, işləyirlər, nəsə etmək istəyirlər. Son illərdə “Qarabağ”ın böyük uğurları olub. Nəyin hesabına? Əlbəttə ki, infrastrukturun hesabına. Çünki bu əsas amillərdən biridir. İndi isə “Zirə”nin adını çəkmək istəyirəm. Düzdür, hələ onlarda da bu yoxdur. Amma bildiyimə görə, istəyirlər ki, baza yaratsınlar. Ümumiyyətlə, bazasız komanda mövcud deyil. Komanda bir ailədir. Oyunçuların işi budur, səhər gəlsin, axşam getsin evinə. Belə olmalıdır. Gündəlik iki məşq, daha sonra baş məşqçi ilə taktiki söhbətlər… Amma oteldə elə olmur. Oteldə qalmaqla o effekti ala bilməzsən. Bir də ki, bazanı təkcə qalmaq məqsədi ilə yartmamalısan. Hovuzu olmalıdır, fitnes mütləq lazımdır. Fitnes birinci növbədə vacibdir ki, futbolçular orada fiziki hərəkətlər üzərində işləməlidir. Oyunçu özü məşqlərdən əvvəl fitnesə gedib ayaqlarını hazırlamalıdır. Bunlar adi bir şeylərdir. Bunu biz əvvəllər, “Neftçi”də, SSRİ vaxtında da edirdik. Fitnesimiz var idi, ayaqlarımızı hazırlayıb sonra çıxırdıq meydançaya. Yəni, bunu indi bütün klublar edir, söhbət bundan getmir, mən burda özümdən “Amerika çıxarmıram”. Amma ki, hazırda biz istəyirik ki, köklü klublarımız olsun, Avropada oynasın. Qələbələr, inkişaf olsun. Yəni, bunlar mütləq olmalıdır.
– Görünən odur ki, çempionatda yeni mövsümdən bölgə komandalarının sayı daha çox olacaq. Sizcə, bunun ölkə futboluna faydası nə dərəcədə olacaq?
– Onun söhbəti yox ki, faydası olacaq. Amma məsələ burasındadır ki, gələn klubların – “Qəbəl”ni çıxmaq şərti ilə – infrastrukturu düzəlməlidir. Bildiyim qədəriylə bəzi klublar bunun üzərində işləyirlər. Yəni, həm “İmişli”də, həm “Karvan”da bunun üzərində iş gedir. Tikinti işləri aparılır, bu, vacib amildir. Əlbəttə, komandaların əksəriyyəti mütləq bölgələrdən olmalıdır. Bu üç bölgəni dedim, burada həmçinin, Mingəçevir, Lənkəran da var. Yəni, bu bölgələrdə futbol həmişə olub. Ordan gənc oyunçular da çıxacaq. Futbol bölgələrdə nə qədər çox olsa, o qədər də inkişaf olar, azərbaycanlı uşaqlar daha çox tanınar.
– Yeni mövsümdən Premyer Liqada legioner limiti tətbiq edilməyəcək. Bu qərarı necə şərh edərdiz?
– Limitlə bağlı onu deyə bilərəm ki, biz buna hazır olmalıydıq. Əsasən, 1 və 2-ci liqanı hazırlamalıydıq. Gələn mövsümdən limiti ləğv ediblər. Bəs, birinci liqada səhv etmirəmsə, üç legionerin oynamasına icazə verilirdisə, tutaq ki, sayını artırsınlar, amma sayı artırmaqla komanda da inkişaf etmir. Limiti ləğv etmək üçün aşağıdan başlamaq lazım idi. Aşağ liqanı hazırlayasan ki, Premyer Liqaya yaxın olsun. Birinci liqa Premyer Liqaya yaxın olmalıdır, çünki komandalar ordan gəlirlər. Söhbət bundan gedir. Mən düşünürəm ki, limiti nahaq ləğv etdilər, hələ bir-iki il qalmalı idi.
– Milli komandanın çıxışı barədə nə deyə bilərsiz? Bu nəticələrdə günahkar kimlərdir?
– Get-gedə daha da ağır olacaq. Limit olmayan yerdə azərbaycanlı futbolçular harda oynayacaq bəs? Yerli oyunçular harda oynayacaq? Ağır olacaq. Limiti ləğv edirlər ki, uşaqlar xaricə getsinlər, öz üzərlərində daha çox çalışsınlar, elə deyil. Uşaq özü hazırlaşa bilməz, onu hazırlamaq lazımdır. Milli haqqında danışmaq mənim üçün o mənada ağırdır ki, hələ mən komandada oyun görmürəm. Oyunçular da get-gedə yaşlanırlar. Bunu da nəzərə almaq lazımdır. Yaşlananların yerini dolduracaq oyunçu gəlmir, yetişmir. Bu il belədir, yenə də deyirəm, bəs, gələn il limit olmayanda necə olacaq? Budur məsələ.
– Ümumiyyətlə, xərclənən pulları nəzərə alsaq, nə baş verməlidir ki, millimiz bizə qonşu olan ölkələr kimi, ölkəmizi layiqincə təmsil etsin, ölkə xaricinə adından söz etdirən futbolçular getsin?
– Təbii şeydir də. Biz pulu sayırıq, amma mən belə düşünürəm ki, ən çox pul uşaq futboluna ayrılmalıdır. Meydançalar, məşqçilər olmalıdır. Məşqçilərin maaşı yaxşı olmalıdır ki, o, gedib iki-üç yerdə işləməsin. Yenə də deyirəm, problemlər çoxdur.
– Fernandu Santuş hər dəfə çıxışlarında 2028-ci ilə işarə vurur. Siz necə düşünürsüz, milli Santuşla hansısa qənaətbəxş nəticə əldə edə biləcək, yoxsa yox?
– Müqaviləsinə işarə vurur. Gözləyək, görək. Oyunlar göstərir ki, problemlər var. Özü də böyük problemlər var. Son iki – Haiti və Belarus milliləri ilə oyunlar problemləri açıq-aydın göstərdi. İyunda iki oyun olacaq. Bu oyunlarda heyət təkmilləşməlidir. Sentyabrda hazır heyətlə meydana çıxmalısan. Söhbət bundan gedir.
– Milliləşdirilimiş oyunçular demək olar ki, bütün dünya ölkələrinin təcrübəsində var. Bu oyunçular daha faydalı olurlar. Amma bizim milliləşdirilmişlər heç də o effekti vermir. Bu nə ilə bağlıdır?
– Bir azərbaycanlı futbolçu başqa ölkənin çempionatında oynayırsa, o başqa məsələ. Onu milliyə çağırmaq lazımdır. Amma hansısa əcnəbi oyunçunu milliləşdirməyə mən razı deyiləm. Bir də oyunçunun özündə istək olmalıdır. Futbolçunu nəyinsə hesabına bura gətirmək lazım deyil. Uzağa getmək lazım deyil, bu, himn səslənəndə görünür, görünür ki, oyunçularımızın əksəriyyəti himni oxumur, bəlkə də, heç bilmirlər. Yəni, himn vacibdir də. Himn, gerb, bayraq ölkəmizin vacib atributlarıdır. Bunlar önəmli amillərdir. Son illərdə bu daha da inkişaf edib. Xarici ölkələrə fikir verirəm, məsələn, italiyalılar hamısı oxuyur, özü də ki, yüksək səslə oxuyurlar. Yəni, vacib amillərdən biri də budur. Qaldı ki milliləşdirilmiş oyunçunun hansısa effekt verməsinə… Futbol komanda oyunudur. Bir-iki oyunçu yaxşı oynayandan sonra biz deyə bilmərik komanda yaxşı oynayır. Bizdə elə oyunçular da yoxdur ki, komandanı ardınca aparsın. Bu, kollektiv oyundur, burda hamısı eyni səviyyədə çıxış edir. Məlum şeydir ki, hərəsinin müəyyən bir üstünlüyü var. Amma hazırda ilk növbədə istək lazımdır. İstək də sıraya düzüləndə, himn səslənəndə başlayır.
– AFFA rəhbərliyinə bu vəziyyətdən çıxmaq üçün nə məsləhət görərdiz?
– Nəsə soruşurlarsa, deyirik. Məlum şeydir ki, onlar da istəyirlər, yeni rəhbərlikdir. Hər kəs öz işindədir. İnkişaf bir az vaxt aparandır, amma bunun üçün bir yol olmalıdır. Elə bir yol ki, o yolla da biz axıra kimi getməliyik.
Fəxri Rüstəmli
Bizi Facebook-da izləyin



