“Daha güclülərlə oyunlarda meydana daha rahat çıxırıq” – MÜSAHİBƏ

“Kəpəz” bu gün Azərbaycan Premyer Liqasının 29-cu turunda “Sabah”ı 1:0 hesabı ilə məğlub edib.

Bölgə təmsilçisinin portuqaliyalı qapıçısı Rojerio Santos oyundan sonra Komanda.az-a müsahibə verib. Həmin müsahibəni təqdim edirik:

Əvvəlcə oyun haqda fikirlərini bölüşərdin…

– Bugünkü oyun çox önəmli idi. Komanda şəklində mübarizə aparıb qalib gəldik. “Səbail”in dünən heç-heçəsini nəzərə alsaq, artıq yeddi xal irəlidəyik.

“Kəpəz” güclü rəqiblərlə matçlarda zəif komandalara nisbətən daha inamlı oynayır. Bunun səbəbini nədə görürsən?

– Zəif komandalarla oyunlarda üzərimizdə təzyiq daha çox olur. Daha güclülərlə oyunlarda isə meydana daha rahat çıxırıq. Həm də, bu, futboldur, hər şey ola bilər.

İkinci hissədə rəqibin təzyiqi daha da artmışdı. Bu anlarda özünü necə hiss etdin?

– “Sabah” Premyer Liqanın güclü komandalarındadır. Ona görə də çətin oldu. Təzyiqə dözmək çətin idi, amma komanda şəklində oynadıq və qalib gəldik.

“Kəpəz”in qələbəsində sənin qurtarışların önəmli rol oynadı. Bu cür çıxış səni qane edir?

– Futbol komanda oyunu olduğuna görə, burada fərdi bir çıxışdan söhbət gedə bilməz. Mən öz işimi görürəm. Mənim üzərimə düşən komandanı qollardan qorumaqdır.

Qapıçı olaraq, komandanın müdafiəçiləri ilə anlaşman necə alınır?

– Bunu Dieqo Verdaskadan soruşa bilərsiz (gülür). Onun həm ingiliscəsi yaxşıdır, həm də müdafiəçi kimi bu suala daha yaxşı cavab verə bilər.

“Sabah”la qələbədən sonra ən yaxın izləyiciniz “Səbail”lə xal fərqi yeddiyə qalxdı. Rahatçılıq hiss olunur?

– Təbii ki, xal fərqinin artması yaxşı haldır. Amma biz bundan rahatlaşmırıq. Qarşıda yeddi oyunumuz var və çalışacağıq ki, maksimum xallarla bu matçları tamamlayaq.

Fəxri Rüstəmli

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button