
SORĞU: “Səbail” kimi komandalara çempionatda yer olmamalıdır”
Azərbaycan Premyer Liqasında 24 tur geridə qalıb. Artıq komandaların çıxışı ilə bağlı müəyyən fikirlər formalaşıb.
Komanda.az saytı “çempionat başlayandan bu günə qədər olan oyunlara əsasən hansı komanda Premyer Liqanı tərk etməyi haqq edib” sualı ilə idman mediasında çalışan həmkarlarımıza müraciət edib. Onlar Premyer Liqanın turnir cədvəlinin son sıralarında qərarlaşan “Səbail”, “Kəpəz”, “Şamaxı” və “Sumqayıt”la bağlı fikirlərini bölüşüblər:
Mahir Rüstəmli (“Futbol+”)
“Məncə, kiminsə bunu haqq etdiyini demək çətindir. Sadəcə, müxtəlif səbəblərdən məhz bu 4 komanda elitadan getməyə namizədlər sırasına düşüb. Hər birinin özünə görə günahı var. Məsələn, “Sumqayıt” rəhbərliyi baş məşqçi postunu təcrübəsiz Vaqif Cavadova tapşırmamalıydı, “Şamaxı” qışda heyəti bu dərəcədə dəyişməməliydi, Gəncə boyda şəhərin komandası qaçqın həyatı yaşamamalıdır, “Səbail” qışda daha ciddi transferlərlə güclənməliydi. Bu gün 1-ci liqaya yuvarlanmağa ən real namizəd “Səbail”dir. Yəqin ki, hər şey autsayderlərin öz aralarındakı oyunlarda həll olunacaq”.
Natiq Muxtarlı (“aut.az”)
“Bu, mənim subyektiv fikrimdir. Premyer Liqanı “Səbail” tərk etməlidir. “Səbail” AFFA-nın yaratdığı süni klubdur. Bu tip komandaların Azərbaycan futboluna heç bir qatqısı yoxdur. Onlar ancaq “istedadlı dələduzlar”ın “pul yuduğu” komandalardır. Bölgə komandalarının sayı artmalıdır. Azərbaycanda futbolun inkişafı onun bölgələrə yayılması fonunda başlayacaq. Bakıdakı klubların sayı minimuma endirilməlidir. Bakı üçün “Neftçi” yetərlidir. “Səbail” kimi komandalara çempionatda yer olmamalıdır. Onların yerini bölgə klubları tutmalıdır. Bəsdir dövlətin ayırdığı vəsait “istedadlı dələduzlar”ın cibinə axdı! Onlar futbol təsərrüfatından tamamilə uzaqlaşdırılmalıdır. Bütün bu amilləri nəzərə alsaq, istərdim ki, Premyer Liqanı “Səbail” tərk etsin. Belə olsa, futbolumuz itirməyəcək, əksinə, qazanacaq”.
Anar Şabanoğlu (“sports.az”)
“Məncə, haqq edən də, əsas namizəd də “Sumqayıt”dır”.
Əli Sahib (“fanat.az”)
“Hazırki turnir cədvəlinə əsasən “Səbail” sonuncu olsa da, digər 3 klub da düşmə riskindən sığortalanmayıb. Bu dörd klubu büdcəsinə görə sıralayaq: “Səbail”, “Sumqayıt”, “Şamaxı” və “Kəpəz”. Sıralamada yalnız “Səbail”lə “Sumqayıt”ın yeri səhv ola bilər. Yəni, “Kəpəz”in büdcə durumu hər üç klubdan daha pisdir. Buna baxmayaraq, “dənizçilər”i hələ ki, qabaqlaya bilib və hər oyunda sonadək mübarizə aparırlar. “Sumqayıt”ın da son oyunları göz önündədir, şərhə ehtiyac yoxdur. Oyun yox, idarəçilik yox! “Şamaxı” bacardığı qədər vuruşur, “Sumqayıt”dan, “Səbail”dən daha istəkli görünür. Sualınızdakı “Haqq edir” ifadəsini işlətmək doğrudursa, onda “dənizçilər” gəmisi qarışıq batmağı daha çox haqq edir”.
İxtiyar Əsgərov (“matç.az”)
Əslində, çətin sualdı… Hər biri Premyer Liqada oynamağa layiqdi. Amma son vaxtlar – təxminən 3 aydı uğursuzluğa, uduzmağa alışan “Sumqayıt” artıq sanki 1-ci Liqaya “konum” atıb. Bu komandanın son 10 oyunu, qol vura bilməməsini bütün aləm bilir. Heç oyun baxımından da irəliləyiş görünmür. Məsələn, Azər Bağırovun gəlişindən sonra “Kəpəz” baxımlı futbolla göz oxşayır. Həm də Gəncə təmsilçisinin Premyer Liqanı tərk etməsini istəmirəm, çünki tovuzlu olaraq onu deyim ki, “qərb derbi”si başqa bir aləmdi. “Səbail”in son pillədə olmasının əsas səbəbkarı baş məşqçi Cavid Hüseynov yox, onun sələfi Şahin Diniyevdi. Onun istefaya göndərilməsindən sonra komanda özünə gəlib. Fikrimcə, Bayıl təmsilçisi Premyer Liqada qalmağa layiqdi. Həm də, o klubda dəyər verdiyim insanlar var və inanıram ki, bu işin öhdəsindən birgə gələcəklər. “Şamaxı”ya gəlincə, “bu komanda Premyer Liqanı tərk etməlidi” demək, məncə, haqsızlıq olar. Ayxan Abbasov yaxşı komanda yaradıb, çoxlarına baş ağrısı olublar.
Fəxri Rüstəmli
Bizi Facebook-da izləyin