Azərbaycanda keçiriləcək MDB Oyunlarının Təşkilat Komitəsinin ilk iclası baş tutub

Azərbaycanda keçiriləcək MDB Oyunlarının Təşkilat Komitəsinin ilk iclası baş tutub.

Komanda.az xəbər verir ki, Baş nazirinin müavini, Təşkilat Komitəsinin sədri Samir Şərifovun rəhbərliyi ilə keçirilən iclasda Oyunlara hazırlıqla bağlı məsələlər ətraflı müzakirə edilib.

Qeyd olunub ki, 3-cü MDB Oyunları 23 idman növü üzrə təşkil edilməklə “2025-ci ildə Müstəqil Dövlətlər Birliyinin idman paytaxtı” olan Gəncə şəhərində və ölkənin digər 6 şəhərində sentyabrın 28-dən oktyabrın 8-dək müddətdə keçiriləcək. Gəncədə 8, Mingəçevirdə 4, Qəbələdə 4, Şəkidə 3, Göygöldə 2, Yevlaxda 1 və Xankəndidə 1 idman növü üzrə yarışlar təşkil ediləcək.

Oyunlarda iştirak etmək üçün MDB ölkələrinin idman heyətləri ilə yanaşı, bir sıra digər ölkələrin idmançılarının da Azərbaycan Hökumətinin dəvəti əsasında iştirakları gözlənilir.

Təşkilat Komitəsinin iclası zamanı idman obyektlərinin hazırlığı, nəqliyyat və logistika məsələləri, iştirakçıların yerləşdirilməsi, könüllülərin cəlb olunması, akkreditasiya prosesi, oyunların mediada yayımı, açılış və bağlanış mərasimlərinə hazırlıq və digər məsələlər üzrə geniş təqdimatlar edilib.

Prezident İlham Əliyevin 3-cü MDB Oyunları ilə bağlı Tədbirlər Planının həyata keçirilməsini təmin etmək məqsədilə Təşkilat Komitəsinin qarşısında qoyduğu vəzifələrin icrası və digər aidiyyəti məsələlər üzrə müvafiq tapşırıqlar verilib, qurumlar arasında əlaqələndirmənin təmin olunması ilə bağlı konkret vəzifələr müəyyənləşdirilib.

İclasın sonunda Təşkilat Komitəsinin sədri Samir Şərifov Prezidenti İlham Əliyevin təşəbbüsü ilə Azərbaycanın bir çox mötəbər beynəlxalq tədbirlərə, o cümlədən idman sahəsində Birinci Avropa Oyunlarına, İslam Həmrəylik Oyunlarına və digər böyük tədbirlərə yüksək səviyyədə ev sahibliyini qeyd edərək, 3-cü MDB Oyunlarının da ölkəmizdə peşəkarlıqla və layiqincə keçirilməsi üçün səfərbər olmağın zəruriliyini Təşkilat Komitəsinin üzvlərinin diqqətinə çatdırıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button