Heydər Əliyevin xatirəsinə həsr olunmuş minifutbol turnirinin açılış mərasimi keçirildi
Mərhum prezident Heydər Əliyevin xatirəsinə həsr olunmuş dövlət qurumlarının əməkdaşları arasında 3-cü minifutbol turnirinin açılış mərasimi keçirilib.
Komanda.az xəbər verir ki, Bakı Tennis Akademiyasındakı tədbirdə gənclər və idman naziri Fərid Qayıbov, Azərbaycan Minifutbol Federasiyasının prezidenti Orxan Məmmədov, AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev və digər qurum rəhbərləri iştirak ediblər.
İlk olaraq Dövlət Himni səsləndirilib.
Daha sonra Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin xatiri bir dəqiqəlik sükutla yad edilib.
Ardınca Orxan Məmməd çıxış edərək iştirakçıları salamlayıb:
“Bütün 39 komandaya uğurlar arzulayıram. Əminəm ki, turnirdən həzz alacaqsız. Artıq üçüncü dəfədir ki, bu yarışı təşkil edirik. Əminik ki, yüksək səviyyədə keçiriləcək. Ulu Öndər daim idmana qayğı göstərib. Turnirə diqqət böyükdür. İldən-ilə komandaların sayının, rəqabətin artacağına inanırıq. Minifutbolun və futbolun kütləviliyinə nail olmaq niyyətindəyik. Güclü olan qalib gəlsin”.
Sərxan Hacıyev bu gün növbəti futbol bayramının start götürdüyünü vurğulayıb:
“Əvvəlki turnirlər izdihamla yadda qalıb. Əminik ki, bu dəfə də belə olacaq. Bütün komandalara, hakimlərə uğurlar arzulayırıq”.
Fərid Qayıbov AFFA və Azərbaycan Minifutbol Federasiyasına təşkilatçılıq üçün təşəkkür edib:
“Dövlət qurumlarına da minnətdarıq. Hər il mübarizə daha da dramatik olur. Yarışa maraq da artıb. Final matçlarında tribunalar da azarkeşlərlə dolu olur. Əvvəlki iki yarışda fərqli qurumlar qalib gəliblər. Gərgin və maraqlı mübarizəyə şahidlik edəcəyik”.
Nazir daha sonra turniri açıq elan edib
Bizi Facebook-da izləyin