Trametsani: “Qarabağ”a qarşı oynamaq çətin idi”
Kiprin APOEL klubunun baş məşqçisi Paolo Trametsani UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsi çərçivəsində Azərbaycan çempionu “Qarabağ”a qarşı keçirdikləri ilk oyunu şərh edib.
Komanda.az xəbər verir ki, italiyalı mütəxəssis 1:2 hesabıyla uduzduqları oyundan sonra bunları söyləyib:
“Qarabağ”ı öz meydanındakı matçda görmüşdüm. Bu, tanıdığımız komanda idi. İlk 45 dəqiqə yaxşı oynadıq. Birinci qolu buraxandan sonra komandam çətinliklər yaşamağa başladı. Daha sonra ikinci qolu qapımızda gördük. Bizim də qol imkanlarımız oldu. Amma sadəcə, bir qol vurmağı bacardıq”.
Trametsani öz oyunçularını yaxşı tanıdığını sözlərinə əlavə edib: “Düşünürəm ki, daha çox sistemlə mübarizə apara bilərəm. Bu komandaya qarşı oynamaq çətin idi. Qoldan sonra boş yerlər verdik və daha çətin oldu. Oyuna nəzarət edirdik. Futbolçularımla danışdım. Məsuliyyəti öz üzərimə götürürəm. Sabahdan cavab qarşılaşmasına hazırlaşacağıq. Futbolçular nəticədən məyus olublar. Hesab edirəm ki, hələ heç nə bitməyib”.
Qeyd edək ki, komandalar arasındakı cavab matçı avqustun 13-də Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq. Həmin görüşə saat 20:30-da start veriləcək.
Bizi Facebook-da izləyin