“Çempionlar Liqası hissini “Qarabağ”la da yaşamaq istərdim” – Zubir
“Qarabağ”ın vingeri Abdullah Zubir Avropa Liqasının əsas mərhələsinin 5-ci turunda “Lion”a qarşı keçirəcəkləri oyundan əvvəl Fransa mətbuatına danışıb.
Komanda.az xəbər verir ki, “Ekip” nəşrinə açıqlama verən futbolçu, Ağdam klubundakı karyerası haqda danışıb və Azərbaycanla bağlı təəssüratlarını bölüşüb:
“Azərbaycanda insanlar futbolu sevirlər. Çoxu məni küçədə tanıyaraq saxlayır. Mən heç bir gərginlik hiss etmirəm, heç bir yersiz şərh eşitməmişəm. Mən sahildə yaşayıram, orada bütün restoranlar Fransadakı kimidir, həyat yaxşıdır. Burada həyat dincdir və təhlükəsizlik baxımından əladır. Əlavə ediləcək bir şey yoxdur. “Qarabağ”a gələndə xüsusi klubla müqavilə imzalayırsan. “Qarabağ”a gələndə baş məşqçi bizə bu komandanın tarixini izah edir. Müharibə səbəbindən klubun Bakıya köçdüyünü bilirik.
“Qarabağ” iddialı klubdur və ardıcıl 11-ci mövsümdür ki, avrokuboklarda oynayır. Bu, həyəcanvericidir. “Arsenal”, “Bayer” (Leverkuzen), “Tottenhem”, “Vilyarreal”a qarşı oynamışam. Amma heç vaxt Çempionlar Liqasında iştirak etməmişəm. İki dəfə pley-offda uduzaraq, turnirdən uzaq qaldıq. Çempionlar Liqası hissini “Qarabağ”la da yaşamaq istərdim”.
Bizi Facebook-da izləyin