“Hər birimiz deyirik uşaq futbolu, ancaq çıxış yolunu göstərməyə çox çətinlik çəkirik” – MÜSAHİBƏ
AFFA Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqovun Komanda.az saytına müsahibəsi:
- Azərbaycan millisinin son çıxışlarını necə dəyərləndirirsiz?
- İstər-istəməz hər birimizin ümid yeri milli komandanın uğurlu çıxışıdır. Kimin rəhbərlik etməsindən asılı olmayaraq, gözləntilərimiz həmişə böyük olub. Digər tərəfdən, rəqiblərin güclü olduğunu da nəzərə almaq lazımdır. Nəzərə alsaq ki, bu rəqibləri bir il bundan öncə məğlub edib yola salmışdıq, hardasa gözləmək olardı ki, onlar bizə qarşı çox ciddi hazırlaşıb, məğlubiyyətlərin əvəzini çıxmağa çalışacaq. Nəticəyə baxsaq, hər iki oyun bizi qane etmədi. Bununla belə, oyunda olan epizodlar, oyunçuların davranışı hardasa gələcəyə ümidlə baxmağa imkan verir.
- Sizcə, Fernandu Santuş milli komandada nəyi dəyişə bilər? Tez-tez yaşı və enerjisi qabardılır…
- Düşünürəm ki, Santuş Avropada özünü sübut edən mütəxəssisdir. Fikirləşiriksə, uğur və uğursuzluq sırf baş məşqçinin üzərində qurulur, bu, düz deyil. Hesab edirəm ki, məşqçidən asılı olmayaraq alt yapı, aşağı yaşlarda görülən işlər çox vacibdir və onu da dərk etməliyik ki, yeni nəsil yetişdirəndə Avropa səviyyəli futbolçulara çevrilə bilsinlər ki, burada mübarizə apara bilən oyunçular olsunlar. Bu, çox vacibdir. Klub səviyyəsində “Qarabağ” bunu sübut edir, yəni hər iş görmək olar, mümkündür. Hesab edirəm ki, yığma komandanın uğurlu çıxışı üçün aşağıdan yuxarıya doğru görülən işlər çox vacibdir.
- Yəni, zəif çıxış baş məşqçi ilə bağlı deyil, uşaq futbolundan, bünövrədən qaynaqlanır?
- Hər birimiz deyirik uşaq futbolu, ancaq çıxış yolunu göstərməyə çox çətinlik çəkirik, baxmayaraq ki, bu gün hər bir şərait yaradılıb. Çempionat səviyyəcə üstün keçirilir, ayrı-ayrı yaşlarda liqalar təşkil olunur. Aşağı yaş qruplarında yığma komandalar üçün bütün şərait yaradılıb, ildə 8-10 dəfə təlim-məşq toplanışları olur, ayrı-ayrı rəqiblərlə mübarizə aparırlar, təcrübə yığırlar. Amma sonu sonluğa çatdıra bilmirik, bu da ən böyük problemdir. Bu problemi aradan götürmək, ilk növbədə onun kökünü tapmaq lazımdır.
- Azərbaycan Premyer Liqası əvvəlki illərə nisbətən sanki daha rəngarəng keçir. Siz də belə düşünürsüz?
- Premyer Liqa təkcə bu il deyil, get-gedə daha rəqabətli keçir. Keçən il də maraqlı idi. Get-gedə çempionatın, çempionatda çıxış edən futbolçuların səviyyəsi artır. Rəqabətli bir çempionatın şahidi oluruq. Rəqabət olan yerdə isə bizim məşqçilərimiz də inkişaf edəcək və futbolçularımız da inkişaf yolunu keçəcəklər. Bu da sonda istər-istəməz milli komandanın nəticələrinə müsbət təsir edəcək.
- Sizcə, keçmiş klubunuz “Neftçi”də nə baş verir, komanda niyə toparlana bilmir?
- Çox maraqlı və hər birimizi ağrıdan sualdır. Ümumiyyətlə, biz həmişə “Neftçi”ni yüksək pillələrdə mübarizə aparan, çempion olan bir komanda kimi görmüşük. “Neftçi” bizim üçün həmişə flaqman olaraq qalacaq. Hesab edirəm ki, komandada yaxşı oyunçular var. Bəlkə də, komanda ruhu olmadığına görə biz bu gün o əzəmətli “Neftçi”ni görə bilmirik. Məncə, ən böyük prolem budur. Ancaq yenə də inanıram ki, nə qədər ağır durumda olsalar da, çıxış yolunu tapıb bütün “Neftçi”sevərlər”i sevindirəcəklər.
Fəxri Rüstəmli
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin