“Çelsi”nin Mareskası, “Neftçi”nin Qarası
Rəşad Ergün
Azərbaycanın idman mediasının və azarkeşlərin başı daha çox “Qarabağ”la “Zirə”nin avrokuboklardakı oyunlarına qarışdığı bu günlərdə bir mövzu da gündəmə hakim oldu. Futbolçu Qara Qarayevin “Neftçi”də əvəzedici komandaya göndərilməsi müzakirə mövzusuna çevrildi.
Mətbuatdakı tanışlar, dostlar arasında Qaranı müdafiə edənlər az olmadı. Hə, Qara Qarayev uzun illər həm “Qarabağ”da, həm də, Azərbaycan milli komandasında oynayıb, əziyyət çəkib, əlindən gələni edib. Gözardı ediləcək, silinib atılacaq bir futbolçu deyil Qara.
Amma “Neftçi”nin yeni çalışdırıcısı Roman Qriqorçuk Qarayevi öz oyun planlarında görmürsə, onu öz sisteminə uyğun saymırsa, buna görə klubu, baş məşqçini “elektrikli stul”a oturtmaq nə dərəcədə düzgündür? Axı, dünya futbolunda belə nümunələr saysız-hesabsızdır. Bir müddət əvvəl Tiaqo Motta “Yuventus”un baş məşqçisi təyin olundu və ilk addımlarından biri komandanın aparıcı üzvlərindən olan Federiko Kyeza ilə bağlı oldu. Turin klubu yeni baş məşqçinin planlarına daxil olmayan italiyalı futbolçunu satmağa və ya icarəyə verməyə tələsir.
“Barselona” da “Atletiko Paranaense”dən 40 milyon avroya aldığı Vitor Roke ilə vidalaşmaq üçün fürsət və müştəri axtarır. Braziliyalı futbolçu komandanın yeni baş məşqçisi Hans-Diter Flikin planlarına daxil deyil.
Kyeza ilə əməkdaşlığı davam etdirmək istəmədiyi üçün “Yuventus”u, 40 milyon avroya aldığı gənc hücumçu Rokedən canını qurtarmağa çalışdığına görə “Barselona”nı söyməliyik? Yox, həqiqətən, bir klubda baş məşqçi dəyişikliyi olursa, yeni gələn hansısa futbolçunu öz komandasında görmək istəmirsə, o, söyülməlidir, yoxsa, məntiqli addım kimi qəbul edilməlidir?
Bir şey də var ki, Qara ötən il “Neftçi”yə gələndən heç cür komandada yerini möhkəmlədə bilmədi. Baş məşqçilər dəyişdi, amma 32 yaşlı yarımmüdafiəçi “Qarabağ”da olduğu kimi, “ağ-qaralar”ın aparıcı siması olmağı bacarmadı. İndi baş məşqçi Qriqorçuk daha cəsarətli və dürüst davranıb futbolçunu komandasında görmək istəmədiyini deyirsə, buna görə onu və klubu ittiham etməyin adı nədir?
Yaxınlarda “Çelsi”nin baş məşqçisi Enzo Mareskanın komandasında görmək istəmədiyi Rahim Sterlinq və Benjamin Çiluellə bağlı bir açıqlamasını oxumuşdum. O, belə deyirdi:
“Hər kəsə oynamaq şansı vermək mümkün deyil. Onlar daha çox oynamaq istəyirlərsə, getməlidirlər. Sterlinqin pis oyunçu olduğunu demirəm, amma fərqli cinah oyunçusuna üstünlük verirəm. Bu, qəddarlıqdır? Mən belə düşünmürəm. Mən dürüst olmağa çalışıram”.
Hər şey bu qədər sadə…
“Neftçi” ilə Qara Qarayev arasındakı müqavilə hər iki tərəf üçün işgəncəyə çevrilməməlidir. Qriqorçuk Qaranı öz komandasında görmür və bunun dəyişəcəyinə ümid etmək sadəlövhlük olar. Hə, Qarayev bir müddət əvvəl sosial şəbəkə hesabında yazdığı kimi, diqqətini Azərbaycan futbolunun gələcəyinə yönəldibsə, buna uyğun addım atmalıdır. Həm də, anlamalıdır ki, “təcrübənin dəyəri və uzun müddət xidmət etmək” anlayışına görə heç kimə əsas komandada və əsas heyətdə oynamaq zəmanəti verilmir. Yox, dava pul davasıdırsa, onda yazılan, deyilən hər söz gəlişigözəl sözlərdir, mətbuatı və azarkeşləri çaşdırmağa hesablanıb. Belə… Bu qədər bəsit.
Bizi Facebook-da izləyin