“Mən hər il komandanı sıfırdan yığıram” – MÜSAHİBƏ
“Səbail”in baş məşqçisi Şahin Diniyevin Komanda.az saytına müsahibəsi:
– Heyəti bu mövsüm üçün yetərli sayırsız? Zədəlilələr, cəzalılar olsa, bu sizə problem yaratmayacaq ki?
– Komanda yeni yaranıb və iki il ardıcıl yeni heyət qururuq. Futbola peşəkar baxış prizmasından yanaşsaq, görərik ki, komanda yaratmaq üçün mütləq zamana ehtiyac var. Mən hər il komandanı sıfırdan yığıram. Yeni oyunçular gəlib. Rüfət Abdullazadəni çıxmaq şərti ilə bu il meydana çıxan 11 oyunçudan 10-u ilk dəfədir ki, bu komandada oynayır. Heyətimiz kifayət qədər geniş deyil.
– Rəhbərlik bu mövsüm qarşınıza hansısa hədəf qoyub?
– Əlbəttə. Bu gün qarşımıza məqsəd qoymuşuq ki, bu komanda Premyer Liqanın son yerlərində qərar tutmasın. Biz orta sırarlarda mübarizə aparacağıq və çalışacağıq ki, komandamız rəqabətədavamlı olsun. İnanıram ki, komandam çempionata rəng qatan oyun nümayiş etdirəcək.
– Siz də, biz də Azərbaycan Premyer Liqasında çıxış edən klubların büdcələrini təxmin edə bilirik. “Səbail”in büdcəsi avrokuboklara vəsiqə uğrunda mübarizə aparmağa bəs edir?
– Büdcə məsələlərinə qarışmaq istəməzdim. Sadəcə onu deyə bilərəm ki, büdcəmiz nə keçənilki, nə də ondan əvvəlki büdcə deyil. Heç bəzi Premyer Liqa klublarının büdcəsi qədər də deyil. Ona görə də, səmərəli, konstruktiv hərəkət edirik. Bu sarıdan da biz ən gənc komandayıq. “Səbail” Azərbaycan Premyer Liqasındakı 10 komanda arasında orta yaş hesabıyla baxsaq, ən gənc komandadır. Komandamın ortalama yaşı 24-ə yaxındır. “Səbail” gənclərdən yığılmış komandadır. Burada azərbaycanlı futbolçular çoxluq təşkil edir. Hər oyunda meydanda 6-7 yerli oyunçu çıxış edir. Bu da gələcəyə ümidlə baxmağı vəd edir.
– İkinci turda daha güclü olan “Neftçi” ilə heç-heçə etdiz, həm də, yaxşı oyunla. Son turda isə “Sumqayıt”a məğlub olduz…
– Oyundan-oyuna komandada artım var. Futbolçularım “Zirə”dən sonra “Neftçi” ilə yaxşı oynadı. Hesab edirəm ki, “Sumqayıt”la oyunda məğlubiyyətə layiq deyildik. Baxmayaraq ki, Samir Abasovun komandası doğrudan da yaxşı komandadır. Abasov avrokuboklarda çıxış etmiş yaxşı komanda yaradıb. Bizim isə sabitliyə hələ çox var. Oyundan-oyuna komandamda inam yaranır, anlaşma yüksək səviyyəyə çatmaq üzrədir. Düşünürəm ki, “Səbail” düzgün yoldadır və zamanla xallar gələcək. Klubun gələcəyi parlaq görünür, nikbinik.
Fəxri Rüstəmli
Bizi Facebook-da izləyin