Məni utandırdın, “Qarabağ”!
Vüsal “Aydın” Qəmbərov
Tarixi axşamlardan birini daha yaşatdı “Qarabağ” bizə. O qədər öyrəşmişik ki, türkiyəlilər demiş, “şapkadan dovşan çıxarmağına”, bu dəfə də yuxudaymış kimi hiss eləmədik. “Qarabağ”dır da, nə olmalıydı?” əhvalındayıq.
Düzü, bolqarların ikinci qolundan sonra meydanda gördüyüm, özünə oxşamayan “Qarabağ” bir xeyli ümidsizliyə salmışdı. Hətta “facebook”da mövsümə hazır olmadıqları ilə bağlı bir paylaşım da etdim, sonradan, hələ 1-ci hissənin artırılmış dəqiqələrindəki qollar vurulmamış zibil qutusuna da göndərdim. Bax, yuxarıda bəhs etdiyim hissiyata görə. “Qarabağ” o qədər təcrübəli, o qədər təmkinli və möhkəm komandadır ki, birtəhər özünə gələcək. Səbr etmək lazımdır” fikri ilə…
İndi zamanı qaytarıb oyunun 25-ci dəqiqəsinə geri getsək, hisslər kəllə-mayallaq olar. Meydandakı heyətin reaksiyası zəif və düyünü çözmə cəhdləri çox sönük idi. Amma ruslar demiş, “bəxt sənin yanında olmayanda, bəxtsizlik kömək edər”. Monteneqrolu legionerlərin zədələnməsi oyunun axarını tamam dəyişdi. O ana kimi çatdırmadığı aşkar görünən, bir neçə dəfə topun arxasınca sonadək qaça bilməyən Veşoviç onsuz da fasilədə əvəzlənənə oxşayırdı. Amma Yankoviç bu komandanın döyünən ürəyi, onurğasıdır. Romao və o müdafiə ilə hücumu bir-birinə bağlayan möhkəm zəncirdir. İntəhası dünən Yankoviçdə də alınmırdı.
Təbii ki, oyun bitib nəticə hasil olandan sonra təhlil etmək asandır. Amma diqqətlə baxanda da görünürdü ki, “Qarabağ” nə vaxt tempi 5-ci də yox, 3-cü sürətə keçirəndə “Ludoqorets” çatdırmağa çətinlik çəkirdi və ayaqları əsirdi, qapıya yaxın buraxırdılar. Marko isə hücumları ağırlaşdıran dəstədə idi. Patrik Andrade… Dünən fərqli üslub sərgilədi. Ancaq və ancaq sürətli qoşulmalar etdi. Elə onun məntiqi sonluğu kimi də, iki qol vurdu.
29-39 dəqiqələr arasındakı iki zədə və iki məcburi dəyişikliki oyunun çöhrəsini dəyişdi.
“Linkoln”un “Araz-Naxçıvan”a belə tay olmadığını nəzərə alsaq, əslində “Qarabağ” “Ludoqorets”lə ilk oyunda mövsümə giriş etmişdi. Həmin 90 dəqiqə və Razqraddakı 40 dəqiqədəki “Qarabağ”la, sonrakı “Qarabağ” fərqli iki komanda idi.
“Qarabağ” bunu ilk dəfə etmir ki.
2017-də ÇL-in qrupunda debüt edəndə ilk matç “Çelsi” ilə Londonda olmuşdu. Darmadağından (0:6) sonra Bakıya üzgün gəlsək də, ümidliydik. “Roma”ya qarşı oyunda 15 dəqiqədə iki qol da buraxdıq və bəlkə də, artıq növbəti darmadağının gəldiyini düşünənlər olmuşdu o an. Çox keçmədən Pedro Enrikenin qolu və sona qədər əzmkar mübarizə ilə 1:2 hesablı məğlubiyyət… İndi sizə maraqlı fakt deyim. ÇL-dəki ilk 105 dəqiqədə 8 qol buraxan “köhlən atlar” Dzekonun qolundan sonrakı 220 dəqiqədə qol buraxmadı. Ta ki, Madriddəki oyunda Tomas Partinin “raket”inə qədər. 220 dəqiqə 5 hissə deməkdir, 2 oyun yarım.
“Qarabağ” bir epizodla, bir həmləylə dirçəlməyi və özünə gəlməyi, hətta özündən belə, yaxşı olmağı bacaran klubdur.
Dünən “Qarabağ”ın 30-35-ci dəqiqələrdəki ümidsizliyə görə məni utandırdığına çox sevindim. Mərc kontorları belə, “Qarabağ”ı daha şanslı sayırdı. Və nə “transfermarkt”dakı dəyər, nə təxmin olunan büdcənin yüksəkliyi, nə daha adlı-sanlı ulduzlara sahib olması “Ludoqorets”i “Qarabağ”ın əlindən ala bildi.
Hə, bir də, yaddan çıxmamış. Heç bolqarların çirkin və rəqibi əzməyə meylli futbolu da. Bəlkə də, “Qarabağ” elə ludoqoretslilərin hərəkətlərinə görə 119-cu dəqiqədə belə, sınmış rəqibinin qapısına 8-ci qolu vurmaq üçün şığıyırdı. 7 qol! Azərbaycan klublarının avrokubok rekordu… Səfərdə və “Ludoqorets”ə qarşı… “Qarabağ” dünən yeni, daha yuxarı bir səviyyəyə qalxdı. Bu yolun sonu ÇL-in qrupudur inşallah!
P.S. Başqa klub olsa, 7 qolun eyforiyası ilə özünü itirəcəyindən qorxardım. Amma “Qarabağ”dan yox…
Bizi Facebook-da izləyin