“Neftçi”də gecikmə ilə bağlı həmişə problem olur” – MÜSAHİBƏ

Tanınmış futbol meneceri Vaqif Heydərlinin Komanda.az saytına müsahibəsi:

  • Azərbaycanda bu yay transfer bazarının yetərincə “isti” keçdiyini demək olarmı?
  • Nə zəif deyil, nə də güclü. Aktivlik müşahidə olunur, amma transfer bazarının sentyabrın ortalarına qədər davam edəcəyini nəzərə alsaq, konkret nəsə demək üçün hələ tezdir.
  • Hansı klublar transfer bazarındakı aktivliyi və ya passivliyi ilə diqqətini çəkir?
  • Əsasən avrokuboklarda oynayacaq komandalardan “Zirə” daha çox aktivlik göstərir. Digər klublar isə hələ indi-indi transferlərlə maraqlanmağa başlayırlar. Bir də ki, bizim klublar son illərdə səhv etməməyə çalışırlar. Ona görə də, bir az diqqətli davranırlar.
  • “Neftçi” həm baş məşqçi, həm də futbolçu seçiminə görə çox tənqid olunur. Səncə, bu tənqidlər haqlıdır?
  • İstər Samir Abasovun dönəmində olsun, istərsə də ondan sonra, “Neftçi”də gecikmə ilə bağlı həmişə problem olur. Nə ilə bağlı olduğunu deyə bilmərəm. Bəlkə də, qərar vermək üçün hardansa təsdiq alırlar və bu təsdiqin alınması gecikir. Buna görə də, bu, “Neftçi”yə həmişə problem yaradır. Bundan əvvəlki dövrlərdə avrokuboklarda çıxış edirdilər deyə, transfer bazarında komandanın aktivliyi daha çox hiss olunurdu. Bu il isə komanda avrokuboklardan kənarda qalıb.
  • Azərbaycan millisinə 70 yaşlı Fernandu Santuş gətirildi. AFFA bu yaşda birini baş məşqçi postuna dəvət etdiyi üçün tənqid edilir. Uzun illərdir menecer sahəsindəsən, Azərbaycan millisinə daha gənc, enerjili bir əcnəbi mütəxəssis tapmaq çətindir? AFFA üçün bu məsələdə nə kimi maneələr var?
  • Bu, yaşla bağlı birmənalı cavab verə biləcəyimiz sual deyil. Milli komanda bir az fərqli postdur. Burada daha təcrübəli məşqçiyə ehtiyac var, amma oyunçu potensialından əsasən çox şey asılıdır ki, bizim kimi milli komandalarda məşqçi amili nə qədər rol oynasa da, oyunçu potensialı çox önə çıxır. Çünki oyunçu potensialının keyfiyyətindən və həmin dövrdəki formasından çox şey asılı olur. Baş məşqçi gənc, enerjili olanda da təcrübəsi olmur. Təcrübəsi olanda da deyirik ki, gənc, enerjili deyil. Ona görə, bu bir az mübahisəli məqamdır. Futbolda əsas nəticədir. Nəticə olduqdan sonra heç kim seçimin yanlış olduğunu deyə bilməz. Bir az zaman keçdikdən sonra dəqiq deyə bilərik ki, bu verilmiş qərar doğrudur, yoxsa yanlış.
  • Xarici futbolçularla və ya baş məşqçilərlə azərbaycanlı menecer kimi danışmağın, onları Azərbaycana dəvət etməyin hansı çətinlikləri olur?
  • Hansısa çətinliklərin olmasına inanmıram. Bu, sadəcə məşqçilərdə daha çox əlaqələrin necə olmasından asılıdır. Heç bir çətinliyin olduğunu düşünmürəm. Belə ki, bu daha çox fərdə, kluba bağlı olan məsələdir, sponsoruna, klubun rəhbərliyinə bağlı olan məsələdir ki, hansı əlaqələri var və hansı əlaqələrə daha çox güvənirlər.

Rəşad

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button