“Əcnəbi hakimlərinin dəvət olunmasını xoş qarşılamadım” – Qurban Qurbanov
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının 34-cü turu çərçivəsində “Turan Tovuz”a qarşı keçirdikləri ev oyunundan sonra fikirlərini bölüşüb.
Komanda.az xəbər verir ki, 51 yaşlı mütəxəssis 4:3 hesabı ilə qalib gəldikləri matçla bağlı bunları söyləyib:
“Futbolçularımı təbrik edirəm. Maraqlı, bol qollu oyun oldu. Azarkeşlərə təşəkkür edirəm.
Son turlara əcnəbi VAR hakimlərinin dəvət olunmasını heç xoş qarşılamadım. Hamımız öz sahəmizdə aktiv olmağa çalışmalıyıq. Səhvlər olur. Bilmirəm VAR sistemi nə dərəcədə qəlizdir. Cavan kadrlardır, ola bilər ki, haradasa səhv edərlər. Bizim hakimimiz Əliyar Ağayev Yunanıstan çempionatında oyun idarə edir. Bizdən ora gedirlərsə, deməli, güvənirlər. Hakimlərimiz elə etməlidir ki, başqalarına şans verilməsin”.
Bizi Facebook-da izləyin