Bizi yenə aldadırlar…
Rəşad Ergün
Niyə gürcülər, niyə biz yox?
Bizdən nələri artıqdır?
Bəlkə, neftləri var?
Bəlkə, əhali sayı bizdən çoxdur?
Bəlkə, ərazisi bizimkindən böyükdür?
Bəlkə, gürcülərin dənizi var, bizim yoxdur?
Bəlkə, gürcülər kimi biz də cənubi qafqazlı deyilik?
Bəlkə, eyni coğrafiyada yaşamırıq?
Bəlkə, qonşu deyilik?..
Oturub, bir neçə gün sonra AFFA-da keçiriləcək “prezident seçki”sindən sonranın planlarını, xəyallarını quranların artıq indidən vəzifə, pul bölgüsünə başlamasının bizi gürcülərdən ayıran, fərqləndirən qalın xətt olduğu barədə danışmayacam.
Heç onu da deməyəcəm ki, “Allah xatirinə, futboldan və uğurdan söz düşən kimi “Qarabağ”ın adını çəkməyin”. Hansı ki, həmin “Qarabağ”dan Juninyonu, Zubiri, Veşoviçi, Yankoviçi, Leandronu, Benzianı, Romaonu çıxar, ortada Azərbaycan millisindən sadəcə bir qədər daha yaxşı oynayan, daha mübariz komanda qalacaq. O da Qurban Qurbanov fərqinə görə. Vəssalam.
Azərbaycan futbolunun sözdə gələcəyi olan 21 yaşlılardan ibarət milli komandanın yaxınlarda ingilislərdən beş, ukraynalılardan üç top yeməsindən də danışmaq fikrində deyiləm. Bu “zəhrimar”ı 15-20 il əvvəl də yeyirdik, indi də yeyirik, dəyişən heç nə yoxdur.
* * *
Yaxın vaxtların söhbətidir, bir dostumuz futbolla məşğul olan oğlunu Türkiyəyə aparıb. Belə demək olarsa, uşağın “qab”ında nə var, nə yox, öyrənmək istəyib. Türkiyədə uşağı baxışdan keçirən məşqçilər dostumuza deyiblər ki, uşaq fiziki cəhətdən zəifdir. Bildiyimiz fiziki hazırlıqsızlıq yox haaa. Deyiblər ki, uşaq orqanizm olaraq, necə deyərlər, “bünövrə” olaraq fiziki baxımdan zəifdir.
“Niyə gürcülər Avropa çempionatına çıxa bilir, biz yox” sualının vacib cavablarından biri də elə bu deyilmi?
Bizi marketlərdə aldadırlar;
Bizi evimizə aldığımız çörəkdə aldadırlar;
Bizi içdiyimiz suyun, yediyimiz qidaların keyfiyyətində aldadırlar;
Bizi xəstəxanalarda aldadırlar;
Bizi apteklərdə aldadırlar;
Bizi məktəblərdə aldadırlar;
Bizi universitetlərdə aldadırlar;
Bizi telekanalların efirlərindən aldadırlar;
Bizi qəzet-jurnal səhifələrində aldadırlar;
Bizi saysız-hesabsız saytlar, internet portalları vasitəsi ilə, mobil telefonlarımızın, kompyüterlərimizin monitorlarından aldadırlar;
Bizi Rövnəq Abdullayevlə aldadıblar;
Bizi Elxan Məmmədovla aldadıblar;
Bizi AFFA-da keçirilən “prezident seçkiləri” ilə aldadıblar;
Bizi yenə aldadırlar…
Bizi Facebook-da izləyin