“Rəqibimizin futbolu Avropa futbolundan seçilir” – Arif Əsədov

Azərbaycan millisinin məşqçisi Arif Əsədov “FIFA Series – Edition 2024” layihəsi çərçivəsində keçiriləcək Azərbaycan – Monqolustan oyunundan öncə Tofiq Bəhramov adına Respublika stadionunda təşkil olunan mətbuat konfransına qatılıb.

Komanda.az xəbər verir ki, Canni De byazinin gedişindən sonra onun səlahiyyətlərini icra edən mütəxəssis oyunla bağlı fikirlərini bölüşüb:

“Bütün xalqımızı Novruz bayramı münasibətilə təbrik edirəm. Komandamız toplanışa martın 18-də start verib. 24 futbolçu ilə başlasaq da, Aleksey İsayev sıradan çıxdı. Yeni dəvət olunan futbolçuların xidmətindən maksimum istifadə etməyə çalışacağıq. Bizi çox maraqlı iki oyun gözləyir. Hər iki oyuna fərqli taktiki sxemlə çıxa bilərik”.

Azərbaycanlı çalışdırıcı düşərgəyə cəlb olunan yeni futbolçular barədə danışıb:

“Ehtiyat oyunçular siyahısında yer alan Orxan Əliyevin növbəti təlim-məşq toplanışında dəvət alması gözlənilir. Çoxdandır ki, Emil Mustafayevin oyunu diqqətimizdədir. Keyfiyyət hiss olunur. Bilinir ki, Ukrayna futbolunun öz təsirləri var. Rza Cəfərov milliyə dəvət olunubsa, deməli, oynamaq şansı da olacaq. Vaxtilə Emil Balayevi də gənc yaşında yoxlamışdıq. Şahruddin Məhəmmədəliyevin kiçik zədəsi var. Bugünkü məşqdən sonra hansı qapıçını oynadacağımıza qərar verəcəyik”.

O, martın 22-də qarşılaşacaqları Monqolustan millisi haqda məlumatlı olduqlarını vurğulayıb:

“Rəqibi yaxşı təhlil etmişik. Onların futbolu Avropa futbolundan seçilir. Çox istəkli, müdafiədə sıx oynayırlar. Məşqlərdə bu məqamlar üzərində çalışmışıq. Hücum futbolu oynayacağıq”.

53 yaşlı məşqçi milli komandadakı durumuna toxunub:

“Neftçi”yə təyin olunanda da köməkçi məşqçi idim. Orada bir il təcrübə topladıqdan sonra baş məşqçi oldum. Burada da hazırda eyni situasiyadır”.

Əsədov “Neftçi”nin təcrübəli futbolçusu Qara Qarayevin yığmaya dəvət almamasına münasibət bildirib:

“Onun üçün millinin qapıları həmişə açıqdır. Hər mövqe üçün iki futbolçu çağırmışıq. Bu dəfə Qaranı çağırmadıq. Amma gələcəkdə dəvət edə bilərik. Qarşıda bizi yenə yoldaşlıq oyunları gözləyir”.

Azərbaycan millisi “FIFA series – Edition 2024” turnirində martın 22-də Monqolustan, 25-də isə Bolqarıstan ilə qarşılaşacaq. Hər iki görüş saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button