“Biz heç kimdən qorxmalı deyilik” – Qurban Qurbanov
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının pley-off mərhələsində Portuqaliyanın “Braqa” komandasına qarşı keçirdikləri cavab oyunundan sonra fikirlərini paylaşıb.
Komanda.az xəbər verir ki, o, 2:3 hesabıyla uduzduqları matçdan (ilk oyun 4:2) sonrakı mətbuat konfransında bunları söyləyib:
“Futbolçularıma təşəkkür edirəm, bizim möhtəşəm azarkeşlərə də, həmçinin. Bir şeyi qeyd etmək istəyirəm. Azərbaycanlı kimi birliyimizi görəndə çox sevinirəm. Bu birlik hardan yaranıb? Xalqımız çox sevirəm. Həmişə istəyirəm ki, onların xoş gününü görüm. Təki,həmişə sevinsinlər. Son vaxtlar güclü Azərbaycan xalqı var. 44 günlük müharibədən sonra hər gün bizim Ali Baş komandanımız bir olmağı, yumruq kimi möhkəm olmağı, iradəli xalq olmağı daim çıxışlarında deyir. Mən deyirdim ki, müharibədən sonra sanki daha da ürəkli olmuşam. Bu mənə və kluba böyük motivasiya verir ki, bu sözlərdən istifadə edirəm. Bu gün bu xalqın layiqli komandası var idi meydanda. Futbol elədir ki, meydanda mübarizə aparmaq lazımdır. Bizim etdiklərimiz şəhidlərin, qazilərin etdiyinin 1 faizi də deyil. Elə miras qoyublar ki, heç nə ilə əvəz edə bilmərik. Bu gün meydanda döyüşçülər var idi. Elə əziyyət çəkdik ki, sonda Allah bizə bu cür qalibiyyət nəsib etdi. Başda ölkə başçısı olmaqla, veteranlarımızı, qazilərimizi, hamını təbrik edirəm. Hər birinizin sevincini görürdüm. Mən də sizinlə qürur duyurdum. Cənab prezidenti təbrik edirəm, yenidən öz sevimli xalqına prezident seçildi… İlk oyundan sonra təbriklərimi ona çatdırmaq istəyirdim. Səbr etdim, bu günə kimi gözlədim. Düşündüm ki, Bakıda zəfər qazanıb, ölkə başçısını təbrik edərəm.
İnsan məsuliyyətlidirsə, onun böyümək şansı da böyükdür. Nərimanın oradakı epizoddan sonra durumunu görmüşdüm. Ağlayırdı. Hamımız ona təsəlli verirdik. Məşqlərdə də daim çalışırdı. Bazadan kənara çıxmırdı. Bu gün Allah ona əvəzini verdi. 0:2-dən sonra düşünəcək bir şey yox idi. Belə matçlarda nə rəqibə, nə də özümüzə istəmirəm ki, qırmızı vərəqə olsun. Bəlkə epizodlarda mən də aqressivlik göstərdim. Bir-iki dəqiqəyə iki sarı vermək nə dərəcədə düzgündür? Hamını nəzərə almaq lazımdır. Bütün futbolçular qalib gəlmək istəyir, aqressivlik olur. Birdən-birə komandanı ruhdan salmaq təsir etdi. Amma bunların hamısının faydası var. Futbol elədir ki, dözümlü olmalısan. Azərbaycan futbolu və futbolçular, klublar üçün bu oyunlar böyük təcrübədir. Futbol sona qədər oynanılan oyundur. Azlıqda da ola bilərsən, amma yenə də iradə və dözüm çox vacibdir. Məğlub olsaq da, qazandığımız çox şey olacaqdı. Zəfər çalmaq daha ləzzətli oldu.
Qarşımıza məqsəd qoymuruqsa, nə dəyərimiz olar, nə də nəticəmiz. Bu cür qələbər futbolumuz üçün böyük uğurdur. İstənilən turnirdə şansımız varsa, maksimum istifadə edəcəyik. Həmişə demişəm, uduza bilərik, hansısa turnirdə istədiyimizi etməyə bilərik, amma rəhbərlik başda olmaqla, bu klubda məsuliyyətsiz insan yoxdur. Olursa da, tez bir zamanda bu düşərgəni tərk edir. Bir şeyi bilin ki, məsuliyyətlə çalışırıq, Azərbaycanı, “Qarabağ”ı düşünürük.
Təcrübəmiz var. Tək bu günün işi deyil. Şanlı zəfərimizdən sonra futbolçulardan daim ürəkli olmağı, heç kimdən çəkinməməyi tələb edirəm. Buna səbəb var, bayaq dedim. Biz heç kimdən qorxmalı deyilik, qalib xalqın övladları və komandasıyıq. Hər oyundan əvvəl bu fikirləri futbolçularıma çatdırıram. Bu cür azarkeş qarşısında oynayanda, heç bəzən mənim motivasiyama ehtiyac olmur. Meydana çıxanda, sona qədər vuruşmağa, ürək qoymağa hazır idilər.
Təki, yarımfinal, final olsun, mən sizi təbrik edərəm. Sizin hər birinizə böyük dəyər verirəm. Çox istəyərəm ki, bu cür qələbələr haqda daha geniş yazılarınız olsun. Hardasa, nəyisə itiririksə, ondan əl çəkməyib, düzgün yanaşırıqsa, onun qarşılığı nə vaxtsa olmalıdır. Sadəcə öz işimizlə məşğul olmalıyıq. Nəticələr gələcək”.
Akif Əhmədov
Bizi Facebook-da izləyin