Azərbaycan çempionatında ilk yarış gününün qalibləri bilindi
Bu gün kişilər və qadınlar arasında cüdo üzrə Azərbaycan çempionatının açılış mərasimi baş tutub.
Komanda.az xəbər verir ki, tədbir Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizədə canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Daha sonra Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.
Açılış mərasimində Gənclər və İdman Nazirliyinin (GİN) idman şöbəsinin müdiri Elnur Məmmədov və Azərbaycan Cüdo Federasiyasının (ACF) baş katib Rəşad Rəsullu çıxış ediblər.
Elnur Məmmədov turnir iştirakçılarını salamlayaraq, ACF-in ölkədə cüdonun inkişafında göstərdiyi təqdirəlayiq səyləri qeyd edib. O, Federasiyanın il ərzində əldə etdiyi mühüm nailiyyətləri vurğulayaraq, Azərbaycanda cüdoçuların sayının təxminən 19 min nəfərə çatdığını bildirib. Məmmədov il ərzində ölkəmizin müxtəlif bölgələrində cüdo zallarının istifadəyə verildiyini və 80-dən çox cüdo klubunun tatamilərlə təmin olunduğunu diqqətə çatdırıb. O, həmçinin, qadınlar arasında cüdonun təbliği ilə bağlı ACF tərəfindən mühüm təşəbbüsləri də qeyd edib.
Rəşad Rəsullu çıxışında Azərbaycan çempionatı ilə bağlı məlumat verib və 26 şəhər və rayondan 300-dən çox cüdoçunun yarışda iştirak etdiyini vurğulayıb. O, ölkə rəhbərliyinin ölkəmizdə cüdo idman növünün inkişafına xüsusi diqqət və qayğının olduğunu bildirərək, bunun əyani sübutu kimi cüdo üzrə milli komandaların təlim məşq mərkəzinin istifadəyə verilməsini göstərib. R.Rəsullu yarışın təşkilində və ümumilikdə Federasiyanın fəaliyyətinin təmin edilməsində Gənclər və İdman Nazirliyinə və qurumun rəhbərliyinə təşəkkürünü bildirib.
Açılış mərasimi Azərbaycan cüdoçularının il ərzində beynəlxalq arenada əldə etdikləri nəticələri əks etdirən qısa videoçarxın nümayiş etdirilməsi ilə yekunlaşıb.
Hövsan qəsəbəsində yerləşən Fövqəladə Hallar Nazirliyinin (FHN) İdman Sağlamlıq Mərkəzində baş tutan yarışın ilk günündə 4 çəki dərəcəsində 104 cüdoçu tatamiyə çıxıb.
Qadınlar arasında -48 kq. və -63 kq. çəki dərəcələrində, kişilər arasında isə -60 kq. və -81 kq. çəki dərəcələrinə qaliblər müəyyənləşib.
3 gün davam edəcək çempionatda ümumilikdə 14 çəki dərəcəsində 300-dən çox cüdoçu medallar uğrunda mübarizə aparacaq.
Qalibləri təqdim edirik:
Qadınlar
-48 kq.
- Şəfəq Həmidova
- Ramilə Əliyeva
- Xumar Qasımzadə
- Leyla Dəmirova
-63 kq.
- Leyla Əliyeva
- Kamilla Töhöliyeva
- Diana Şoranova
- Leyla Atayeva
Kişilər
-60 kq.
- Nazir Talıbov
- Babarəhim Mirzəyev
- Hüseyn Allahyarov
- Kənan Hüseynov
-81 kq.
- Məmmədrza Hacızadə
- Kərim Allahverdiyev
- Ömər Rəcəbli
- Qədir Hüseynov
Bizi Facebook-da izləyin