“Qarabağ” ev oyunlarını Xankəndində keçirə bilər!
“Qarabağ” klubu növbəti mövsümdən etibarən Azərbaycan Premyer Liqasında ev oyunlarını Xankəndi şəhər stadionunda keçirə bilər.
Komanda.az-a verilən məlumata görə, “köhlən atlar” Ağdam şəhərini təmsil etsə də, komandanın Xankəndindəki stadionda oynamaq ehtimalı var.
Bir müddət əvvəl ermənilər kütləvi şəkildə Xankəndini tərk ediblər. Bundan sonra şəhər yenidən Azərbaycanın nəzarəti altına keçib.
“Qarabağ” Ağdamın ermənilər tərəfindən işğalından əvvəl ev oyunlarını bu şəhərdəki “İmarət” stadionunda keçirib. Amma hazırda bu arena oyunların təşkili üçün qətiyyən yararlı deyil. Xankəndindəki stadion isə müəyyən bərpa işləri həyata keçirildikdən sonra futbol matçlarınu qəbul etməyə tam hazır ola bilər.
“Qarabağ”ın Xankəndindəki stadionda ancaq çempionat oyunlarını keçirməsi mümkündür. Klubun Xankəndinə gedişi baş tutsa, avrokubok matçlarını yenə Bakıda oynayacaq.
Xankəndi stadionunun 1955-ci ildə inşasına başlanıb və 1956-cı ildə istifadəyə verilib. Arena ilk dəfə İosif Stalinin adını daşıyıb. Bir neçə il sonra adından Stalinin adı götürülərək, “Stepanakert stadionu” adlandırılıb. 1991-ci ildən şəhərin tarixi adı qaytarıldıqdan sonra “Xankəndi şəhər stadionu” adına qayıdılıb. Hazırda stadion yenə tarixi adını daşıyır.
Bizi Facebook-da izləyin