“Bu məğlubiyyətin təsirinin hələ də davam etməsi fikri ilə razı deyiləm” – MÜSAHİBƏ
“Sabah”ın kapitanı Elvin Camalovun Komanda.az saytına müsahibəsi:
• “Araz-Naxçıvan”la oyun barədə nə düşünürsən?
• Rəqib son dövrlər yaxşı formada idi. Bunu son nəticələri də sübut edirdi. Ağır oyun oldu. Komanda olaraq yaxşı çıxış etdik. Oyunda üstünlüyümüz var idi. Lakin təəssüf ki, qalib gələ bilmədik. Əldə etdiyimiz qol fürsətlərindən lazımınca yararlana bilmədik. Rəqib isə standart vəziyyətdən fərqlənməyi bacardı.
• “Sabah”ın Premyer Liqadakı startı barədə nə deyə bilərsən?
• Mövsümə yaxşı start vermişdik. Avrokuboklarda üç ardıcıl qələbə qazandıq. Hansı ki, debüt ili üçün məncə, çox yaxşı nəticə idi. Çempionatda da ilk matçımızda iddialı komandalardan olan “Qəbələ” üzərində böyükhesablı qələbə qazandıq. Ancaq təəssüf ki, davamını gətirə bilmədik. İlk 9 turdan sonra turnir cədvəlindəki mövqeyimiz bizi razı sala bilməz. Qarşıdakı turlarda vəziyyəti xeyrimizə dəyişmək üçün əlimizdən gələni edəcəyik.
• “Sabah” 7 oyundur ki qələbə qazana bilmir. Səncə, komandada əsas problem nədir?
• Əslində nəticə yox, sırf oyun baxmından yanaşsaq, yəqin ki siz də ciddi problem olmadığını görərsiz. Demək olar bir çox oyunumuzda rəqiblərdən üstün oyun sərgiləmişik. Sadəcə, əldə etdiyimiz qol fürsətlərindən lazımınca yararlana bilməməyimiz və elementar qollar buraxmağımız hazırkı nəticəyə gətirib çıxarıb. Komandaya yayda bir neçə yeni oyunçu qoşulub. Yeni qoşulanların hər biri yüksək səviyyəli futbolçulardır. Sadəcə, uyğunlaşmaq üçün müəyyən vaxta ehtiyac var. Fikrimcə, zamanla hər şey qaydasına düşəcək.
• Milli komandanın oyunları ilə bağlı yaranmış fasilə “Sabah”a müsbət təsir göstərə biləcək?
• Fasilənin xeyri də ola bilər, ziyanı da. Bəzi oyunçulara formasını bərpa etmək üçüm xeyirli ola bilər. Amma nəzərə alaq ki, bir çox futbolçu da milli komandaların düşərgəsinə yollanıb. Milli fasilənin komandaya necə təsir etdiyini növbəti oyunlarda görəcəyik.
• Növbəti turda “Sabah” “Sumqayıt”ı qəbul edəcək. Komanda bu matçda qalibiyyətsiz seriyasına son qoya biləcəkmi?
• Biz istənilən oyuna qələbə üçün çıxırıq. Bu oyunda da üç xal qazanmaq üçün əlimizdən gələni edəcəyik. İnanıram ki, bu matçda qələbə ilə azarkeşlərimizi sevindirə biləcəyik.
• “Sabah” keçən mövsüm çempionluq uğrunda mübarizə aparırdı. Bu mövsüm komandanın çempionluq şanslarını necə dəyərləndirirsən?
• Düzü, biz ötən mövsümdə hər oyunumuza maksimum nəticə ilə ayrılmaq üçün çıxırdıq. Ancaq hər növbəti oyunumuza köklənir, yalnız qarşıdakı matçımız barədə düşünürdük. Əlbəttə, futbol ictimaiyyətinin və azarkeşlərin bizimlə bağlı yüksək fikirdə olması xoşdur. Amma ötən mövsümdə olduğu kimi bu mövsüm də əsas hədəfimiz hər oyunumuza qələbə üçün çıxmaq və oyundan-oyuna artırmaqdır. Mövsümün sonunda neçənci olacağımızı görəcəyik.
• “Zirə” birinci dövrəni lider olaraq bitirdi. Keçmiş klubunun bu mövsümkü çıxışı haqda nə deyə bilərsən?
• “Zirə” həmişə çempionatın iddialı klublarından olub. Bu mövsüm də həmçinin. Ümumiyyətlə, bu mövsümdə güclü rəqabət var. Hər komanda üç xal üçün meydanda sona kimi mübarizə aparır.
– Konfrans Liqasında “Partizan”a məğlubiyyətin təsirindən hələ də çıxa bilməmisiz?
• Belə deməzdim. Futbolda qələbələr olduğu kimi məğlubiyyətlər də var. Heç bir komanda məğlubiyyətdən sığortalanmayıb. Avrokuboklarda ilk dəfə çıxış edirdik. Və debüt mövsümündə ardıcıl üç qələbə qazandıq. Özümüzdən qat-qat təcrübəli “Partizan”a yalnız oyunsonrası penaltilərdə məğlub olduq. Komandada hər bir futbolçu peşəkardır, meydana niyə çıxdıqlarını, onlardan nə tələb olunduğunu yaxşı bilirlər. Ona görə də, bu məğlubiyyətin təsirinin hələ də davam etməsi fikri ilə razı deyiləm.
Akif Əhmədov
Bizi Facebook-da izləyin