Vidadi Rzayevin atdığı “daş”

Kürşad

“Kəpəz”in keçmiş məşqçisi Vidadi Rzayevin bu gün mətbuatda (“qol.az”) Gəncə klubunun rəhbərliyinin ünvanına ittihamlarla dolu açıqlaması yayımlanıb.

Rzayev Azərbaycan və könlünü futbola verən azərbaycanlılar üçün böyük futbolçu olub. Şəxsən mənim üçün futbolçu Vidadi Rzayev müstəsna biri olub və oyununu izləməkdən zövq almışam. Amma məşqçi Vidadi Rzayev…

Bəli, veteran futbolçu “Kəpəz” rəhbərliyini az qala sözün hər iki mənasında yıxıb-sürüyüb. Rzayev Gəncə futbolunun içində olan biri kimi ola bilsin ki, bizim gördüklərimizdən, bildiklərimizdən çox şey görüb, bilib. Amma bütün hallarda, onun cəmi 3 milyon manatlıq illik büdcəni normal sayması, komandadan bu büdcə ilə özündən daha böyük maliyyə imkanlarına sahib klubları “təpiyinin altına salmasını” gözləmək bir az absurddur. Azərbaycan Premyer Liqasında ən kasad büdcə “Kəpəz”dədir, bunu Rzayev də bilir, maliyyəni ayıran AFFA rəhbərliyi də və yəqin bütün gəncəli azarkeşlər də. Müasir futbolda isə pul hər zaman hər şey demək olmasa da, çox vaxt hər şeyi həll edir.

Bir də, Rzayevin ürəyi “Kəpəz” üçün doğrudan da bu qədər yanırsa, keçmişə yönəlik adından, nüfuzundan istifadə edib, kluba sponsorlar cəlb edilməsində cəhd edə bilər. Ən azı cəhd edə bilər.

Vidadi Rzayevin açıqlamasındakı bu cümlələr isə onun klub rəhbərliyinin ünvanına yönələn ittihamlarından daha çox diqqətimi çəkdi:

“Arxadan atılan daş topuğa dəyər. Bəzi şeyləri vaxtında demək lazım idi. Amma təəssüf ki, müəyyən səbəblərdən deməyə qoymadılar. Mən bunları orada işləyə-işləyə deməli idim. Bəzi insanlar məsləhət gördülər ki, nəsə demək lazım deyil”.

Bəli, Vidadi bəy, bəzi şeyləri yox, hər şeyi vaxtında demək lazımdır. Vaxtında deyilməyən sözlər artıq həqiqət yox, qərəzdir…

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button