“İki oyunda qələbə qazansaq da, çatışmazlıqlarımız var”
17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Fizuli Məmmədov “Dalğa Arena”da Monteneqro yığmasının müvafiq yaş qrupundan ibarət komandasına qarşı keçirilmiş oyundan sonra fikirlərini bildirib.
Komanda.az xəbər verir ki, o, matçdan sonra AFFA-nın rəsmi saytına açıqlamasında bunları dilə gətirib:
“Avqustun 9-dan təlim-məşq toplanışına başladıq. Oyunlara yaxşı hazırlaşmaq üçün 6 gün vaxtımız oldu. Bu cür komandalarla qarşılaşmaq, qələbə qazanmaq futbolçularda ruh yüksəkliyini, özünə inamı daha da artırır. İlk oyunda rəqibi yaxşı analiz etmişdik. Ona görə yaxşı oynayıb qələbə qazandıq. Xüsusən ilk hissədə nümayiş etdirdiyimiz futbolu qeyd edə bilərəm. Bugünkü oyuna gəlincə, rəqib artıq bizim zəif və güclü tərəflərimizi bilirdi. İlk oyunla müqayisədə bu dəfə daha aqresiv oynamağa başladılar. İlk oyunun nəticəsindən asılı olmayaraq, bu gün komandam qələbə qazanmaq üçün mübarizə apardı və çətin də olsa, buna nail oldu. Qələbə münasibətilə komandamı, məşqçi heyətini təbrik edirəm.
İki oyunda qələbə qazanmağımıza baxmayaraq, çatışmazlıqlarımız var. Məşqçi heyəti olaraq bu çatışmazlıqları yaxşı bilirik. Avropa çempionatının seçmə mərhələsinədək bu çatışmazlıqları aradan qaldırmağa çalışacağıq”.
Bizi Facebook-da izləyin