Dünya çempionatında 3 bürünc medal şansı

İordaniyanın paytaxtı Ammanda güləş üzrə U-20 dünya çempionatı start götürüb.

Komanda.az xəbər verir ki, yarışın ilk günündə 57, 65, 70, 79 və 97 kq-da yer alan sərbəst güləşçilər xalçaya çıxıb.

Mübarizəyə 1/8 finaldan qoşulan Ruslan Abdullayev (57 kq) almaniyalı David Kiferə tam üstünlüklə qalib gəlib – 10:0. Avropa çempionumuz növbəti mərhələdə iranlı Əhməd Mohammadnejadcavanı “tuş”la üstələyərək yarımfinala yüksəlib. Amerikalı Luk Lilledalla görüş gərgin mübarizə şəraitində keçib. Son saniyələrə qədər 9:5 hesabıyla öndə olan həmyerlimiz bir səhvin qurbanı olub və “tuş”la uduzub. Abdullayev sabah bürünc medal uğrunda güləşəcək.

Ramik Heybətov (65 kq) debütdə rusiyalı Dalqat Abdulkadirovla bacarmayıb – 0:7.

Mircavad Nəbiyev (70 kq) 1/8 finalda amerikalı Meyer Şapirova 4:6 hesabıyla məğlub olub. Rəqib finaladək irəlilədiyi üçün Nəbiyev təsəlliverici görüşdə iştirak hüququ qazanıb. Mircavad sabah yaponiyalı Yuma Tomiyama ilə qarşılaşacaq.

Ali Tsokayev (79 kq) polşalı Mateuş Pedziçki (10:0), avstriyalı Lukas Lins (10:0) və gürcüstanlı Otari Adeişvilini (13:2) vaxtından əvvəl mübarizədən kənarlaşdırıb. Ancaq yarımfinalda rusiyalı İbrahim Kadiyev keçilməz olub – 4:8. Tsokayev sabah bürünc medal uğrunda güləşəcək.

Zəfər Əliyev (97 kq) ilk mərhələdə ermənistanlı Xaçatur Xaçatryana (7:0) heç bir şans tanımasa da, 1/8 finalda qazaxıstanlı Kamil Kuruqliyevə 2:5 hesabıyla uduzub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button