“Belə məğlubiyyətlərin mənə və komandama faydası daha çox olub” – Qurban Qurbanov

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Premyer Liqanın 1-ci turu çərçivəsində “Zirə”yə qarşı keçirdikləri oyunu şərh edib.

Komanda.az xəbər verir ki, 51 yaşlı mütəxəssis 0:1 hesabıyla uduzduqları matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

“Rəşadı və “Zirə”ni təbrik edirəm. Çox yaxşı başladılar liqaya. Onlara uğurlar arzulayıram. Məğlub olduq, düşünürəm ki, öz potensialımızdan çox aşağı oynadıq. Amma futbolçularımı başa düşürəm. Oyun təcrübəsi olmadıqda, formadan uzaq olurlar. İlk matç göstərdi ki, çempionatda hər oyuna daha ciddi yanaşmalıyıq. Qarşıdakı oyunlarda lazım olsa, rotasiyalara gedəcəyik. Çünki futbolçuların sağlamlığı da vacibdir. Maraqlı çempionat başladı. Qarşıdakı oyunlarda daha yaxşı olmağa çalışacağıq.

Uduzduqda, xal itirdikdə, belə oyunların komanda və mənim üçün faydası daha çox olub. Məncə, hər şey qaydasında olacaq. Çünki yaxş kollektivimiz, yaxşı futbolçularımız var. Daha yaxşı oynamağa qadirik. İnanıram ki, get- gedə hər futbolçunun gələcəkdə tam potensialını üzə çıxara biləcəyik.

Azarkeşlər azaddırlar. Futbol azarkeşlərə görə oynanılır. Bəzən onlar da emosiyalarnı saxlaya bilmirlər. Normal qarşılamaq lazımdır. Amma dəfələrlə bildirmişəm ki, sezonun ortasında belə, transfer işləri ilə məşğul oluruq. Lazım olan oyunçuları dəvət edirik. Əfsuslar olsun ki, bəzən alınır, bəzən yox. Bu il az transfer etməmişik. Transfer danışıqlarımız gedir. Mənim çox maraqlı və döyüşkən futbolçularım var. Potensialımız bu deyil. Hamı bizim, “Qarabağ”ın üzərinə gəlir. Biz rəqiblərin üzərinə getməkdən çəkinməyəcəyik, həvəsdən düşməyəcəyik. Futbolçular bunu dərk edirlər. Bu komandanın nə olduğunu bilirlər. İnanıram ki, qarşıda bunu bacarcağıq. Pis tərəfini düşünəndə… Bacarmasaq, nə cavab verim sizə…Bacarmasaq, nə olacaq? Əminəm ki, futbolçularım döyüşkəndir, cəsurdur. Onlara güvənərək, onlarla birlikdə inanıram ki, yaxşı futbol göstərməyə, yaxşı nəticə əldə etməyə gecə-gündüz çalışacağıq”.

Qurbanov Avropa Liqasının 3-cü təsnifat mərhələsində üz-üzə gələcəkləri HJK barədə də danışıb:

“Sanki ikinci “Rakuv”dur. Sistem və oyun olaraq belədir. Bərk komandadır. Skandinaviya komandaları intizamlı oynamağı xoşlayırlar. “Rakuv” kimi müdafiə olunurılar, hücumda çox bənzər epizodları var. Sabahdan futbolçulara rəqib barədə tapşırıqlar verəcəyik. Məni narahat etməyən komanda yoxdur. Hər rəqibin sürprizləri olur. Amma mən hər oyun, hər rəqibə qarşı istəmişəm ki, düşündüklərimizi yerinə yetirək. Ümumən yaxşı komandaya qarşı oynayacağıq. Çalışacağıq ki, daha yaxşı oyun göstərək. Rəqibin harada təhlükəli zonaları, futbolçuları varsa, əlavə diqqət ayıracağıq, futbolçulara deyəcəyik. Hansı oyunçu bizə təhlükə yaradarsa, ona diqqət ayıracağıq”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button