Azərbaycan millisinin voleybolçusu: “Hədəfimiz qrupdan çıxmaqdır”

Azərbaycan millisinin qadın voleybolçusu Yelizaveta Ruban federasiyanın mətbuat xidmətinə açıqlama verib.

Komanda.az xəbər verir ki, 28 yaşlı oyunçu qrupdan çıxacaqlarına ümid etdiklərini deyib:

“Avropa çempionatında qrupdan çıxacağımıza ümid edirik. İlkin məqsədimiz qrupdan çıxmaqdır. Voleybolçular hansı səbəbdən burada olduqlarını yaxşı anlayırlar. Tam formaya düşsək, vəzifənin öhdəsindən gələcəyik”.

O, milli komandada yer alan voleybolçularla bir ildir birlikdə oynamadıqlarını söyləyib:

“Biz hər gün məşqçilərin təyin etdiyi qrafik üzrə hazırlığımızı davam etdirirdik. Bakıya gələndən sonra bir həftə komandayla məşq keçdik, rejimə uyğun formamızı yığdıq. Hazırda Bosniya və Herseqovinadayıq. Burada yoldaşlıq oyunları keçiririk. Bu matçlar bir-birimizə tam uyğunlaşmaq imkanı verəcək. Demək olar ki, 1 ildir birlikdə oynamırıq, hərə öz klubunda çıxış edib. Komandada vəziyyət yaxşıdır”.

Ruban, səhhəti ilə bağlı hər şeyin yaxşı olduğunu da dilə gətirib:

“Şükürlər olsun, heç bir zədəm yoxdur. Aktiv şəkildə məşqlərə davam edirəm. Bizi dəstəkləyən hər kəsə təşəkkürümü bildirirəm. Azarkeşlərə demək istəyirəm ki, bizi tək qoymasınlar, dəstəkləməkdə davam etsinlər. Yarışda daha yaxşı çıxış etmək, uğurlu nəticə qazanmaq üçün əlimizdən gələni edəcəyik”.

Qitə çempionatına avqustun 15-dən sentyabrın 3-dək Belçika, İtaliya, Almaniya və Estoniya ev sahibliyi edəcək. Azərbaycan millisi Çexiya, Almaniya, Yunanıstan, İsveç və Türkiyə ilə birlikdə C qrupunda mübarizə aparacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button