Tərlan Əhmədov: “Əziyyətimizin bəhrəsini görmək istəyirik”
“Kəpəz”in baş məşqçisi Tərlan Əhmədov Azərbaycan Premyer Liqasının sonuncu – 36-cı turu çərçivəsində “Qəbələ”yə qarşı keçirdikləri səfər oyununu şərh edib.
Komanda.az xəbər verir ki, o, 1:1 hesabıyla bitən matçdan sonrakı mətbuat konfransında bunları söyləyib:
“Son matç idi. Fikirləşirdim ki, komanda sönük oyun nümayiş etdirə bilər. Amma yaxşı mübarizə apardıq. Futbolçulara təşəkkür edirəm. Mövsümü major notlarla başa vurduq. Hər xal gələcək üçün ümiddir. Bu ağır vəziyyətdə komandanın Premyer Liqada qalmasında əməyi olan hər kəsə təşəkkür edirəm. Qarşımıza qoyulan məqsədin öhdəsindən gəldik.
Bu gün az oynayan futbolçulara şans verdik. Hər birinə təşəkkür edirəm. Yeqor Xvalko cəzalı idi, Yusif Nəbiyev əməliyyat olunub. Bu gün Tural da, Zamiq də, Mahir də yüksək səviyyədə oyun nümayiş etdirdilər.
Fevral ayında Tovuzda demişdim ki, komadanı Premyer Liqada saxlayıb gedəcəyəm. O gündən bəri nə qədər təzyiqlərə dözdüm. Amma Gəncə camaatının çox hissəsi burada qalmağımı istəyir. Fikirləşirəm ki, bu yoldan çəkilən deyiləm. Çəkdiyimiz əziyyətin bəhrəsini görmək istəyirik. Razılaşa bilsək, burada qalacağam. Çalışacağam ki, “Kəpəz” növbəti mövsümdə mükafatçılar sırasında olsun.
Birdən-birə çox şeyi dəyişə bilməzdim. Öncə məğlub olmaq qorxusunu aradan qaldırmalı idik. İkinci növbədə daha çox hücum futbolu oynamalı idik ki, qollar vuraq. Üçüncü və ən aktual məsələ isə birliyi qurmaq idi. Buna görə də müdafiəyə çox da fikir vermirdik. Fikrim o idi ki, komandada qalibiyyət ruhu formalaşsın. Bir neçə matçda gördük ki, qol buraxandan sonra ruhdan düşməmişik, mübarizə aparmışıq.
Bir həftə əvvəl İlqar Nadiri ilə görüşdük, söhbət etdik. Bayramdan sonra yenidən bütün məsələri müzakirə edəcəyik. Büdcə mənim üçün maraqlı deyil. Bura gələndə də büdcəni bilirdim. Mənim məqsədim ağır vəziyyətdə komanda formalaşdırmaqdır. Bəli, mən də istəyərəm yaxşı transferlər olsun. Amma olmayandan sonra əlimizdən gələni edəcəyik. Heyətlə bağlı hələ ki, danışmamışıq. Bütün mövqelərə futbolçu lazımdır ki, rəqabət güclü olsun. Bütün mövsümboyu 13-14 futbolçu ilə mübarizə apardıq. İstəyirəm ki, hər mövqedə 2 oyunçu olsun”.
Bizi Facebook-da izləyin