La Liqanın rəhbəri: “Avropa futbolunun həll etməli olduğu iki problem var”

İspaniya La Liqasının prezidenti Xavyer Tebas Avropa Super Liqası haqda danışıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, həmin layihəni Avropa futbolunun həll etməli olduğu problem kimi diqqətə çatdırıb:

“İki il öncə “Real”ın prezidenti Florentino Pereslə sərbəst danışa bilirdim, amma bu, indi alınmır. “Real” rəhbərliyində təmsil olunan digər şəxslərlə əlaqələrim var. Peresin Avropa Super Liqası haqda nə düşündüyünü bilmirəm.

Super Liqada yüksək liqaya vəsiqə qazanmaq, aşağı liqaya yuvarlanmaq deyə bir şey yoxdur. Bu turnir Avropa futbolunu idarə etmək gücünə malik olan klublar üçündür. İstəkləri nədir? Hər şeyə nəzarət, pulu düzgün bölüşdürmək.

Çempionatın ideyası 2000-ci ildə Peres tərəfindən irəli sürülüb. Həmil il “G-8” (“Great-8”, yəni “Böyük 8-lik”), sonra “G-14” (“Great-14”, yəni “Böyük 14-lük”) və nəticədə, Avropa Klublar Assosiasiyası yaradıldı.

Gəlin, Super Liqa layihəsinə çox ilişib qalmayaq. Bu, sadəcə idman müsabiqəsi deyil, eyni zamanda futbolu idarə etmək üçün də bir modeldir. Təsisçiləri Avropanın ən zənginləri olmalıdır.

Avropa futbolunun həll etməli olduğu iki problem var: Super Liqa layihəsi və iqtisadi davamlılıq.

Məncə, UEFA bu problemləri həll edə biləcək yeganə qurumdur. Biz həmin qurumu dəstəkləyirik. Gəlin, hamılıqla onların yanında olaq”.

2021-ci il aprelin 18-də “Mançester Yunayted”, “Mançester Siti”, “Arsenal”, “Liverpul”, “Tottenhem”, “Çelsi”, “Real”, “Barselona”, “Atletiko”, “Yuventus”, “Milan” və “İnter” klubları Avropa Super Liqasını yaratdıqlarını açıqlayıblar. Lakin sonradan “Real”, “Barselona” və “Yuventus”dan başqa, digər klublar turnirdən imtina ediblər.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button