30 yaşlı futbolçuda ölümcül xəstəlik aşkarlandı
İsveçli futbolçu Yesper Byorkman ciddi bir xəstəlikdən – amiotrofik yanal sklerozdan (ALS) əziyyət çəkir.
Komanda.az xəbər verir ki, bu barədə 30 yaşlı müdafiəçi özü “Helsingborgs Dagblad”a danışıb.
Byorkman ötən ilin dekabrında bu xəstəliyə düçar olub. “Gefle”nin sabiq futbolçusu əvvəlcə sol qolunda zəiflik hiss edib və bunu əvvəllər körpücük sümüyünün zədələnməsi ilə əlaqələndirib. Amma onurğa beyninin müayinəsi zamanı ona ALS diaqnozu qoyulub. Bu xəstəlik sağalmazdır və onun daşıyıcıları simptomların başlanmasından iki-beş il ərzində vəfat edirlər.
Byorkman bu barədə belə deyib: “Xəstə olduğumu eşidəndə çox ağladım, ölümcül xəstə olduğumu qəbul edə bilmədim. Dəhşətli idi. Psixoloqda olmuşam. Necə olduğumu soruşanlara cavab vermək mənim üçün çətindir. Daim stress keçirirəm. Sanki kabusun içindəyəm. Onunla yaşamağı öyrənməliyəm. Çətin də olsa, gündəlik həyatıma davam edirəm. Arzularımı həyata keçirməyə çalışıram”.
Bizi Facebook-da izləyin