PFL rəsmisi “Kəpəz”in stadionu haqda: “Qazon yararsız halda qalsa…”

Azərbaycan Premyer Liqasının 28-ci turunda “Səbail”i qəbul edən “Kəpəz”in ev oyunlarını keçirdiyi Gəncə şəhər stadionunun qazonunun xoşagəlməz durumu futbol ictimaiyyətini maraqlandıran əsas məsələlərdən biridir.

Öncədən Peşəkar Futbol Liqasının prezidenti Elxan Səmədov açıqlamasında Gəncə şəhər stadionunda yoxlama keçirəcəklərini və qazonun bərpa edilməyəcəyi halda, orada matçların keçirilməyəcəyini bildirib.

Məsələ ilə bağlı son durumu öyrənmək üçün PFL-in mətbuat xidmətinin rəhbəri Sənan Abdullayevlə əlaqə saxladıq. O, Komanda.az-a açıqlamasında “Kəpəz”in növbəti ev matçına qədər düzəlişlərin ola biləcəyini deyib:

“Hazırda nəzarət davam edir. Azərbaycan Premyer Liqasının 30-cu turunun “Kəpəz” – “Turan Tovuz” oyununa qədər düzəlişlərin olacağı deyilib.

Vəziyyətə uyğun qərar veriləcək. Gedişat matçın keçirilə biləcəyini göstərir. Qazon yararsız halda qalsa, hansısa addım atıla bilər”.

Gəncə təmsilçisi hazırda Azərbaycan çempionatının turnir cədvəlində 25 xalla 7-ci pillədə qərarlaşıb. 29-cu turda komanda səfərdə “Qarabağ”la qarşılaşacaq.

Rövşən Əlisoy

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button