Federasiya kubokunun birinci mərhələsinə start verildi
Azərbaycan Velosiped Federasiyasının təşkilatçılığı ilə martın 11-də Gəncə şəhərində şose velosipedi üzrə Federasiya kubokunun birinci mərhələsinə start verilib.
Komanda.az xəbər verir ki, Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) mövcud qaydalarına əsasən keçirilən yarışın ilk günündə idmançılar kriterium növündə güclərini sınayıblar.
Ümumilikdə 30 velosipedçinin iştirak etdiyi mübarizəyə Heydər Əliyev Parkının önündən start verilib. İdmançılar təyin olunmuş marşrut üzrə dairəvi hərəkət ediblər.
Elit/U23 yaş kateqoriyasında kişilər və gənc oğlanlar 60 km (10 dairə), yeniyetmə oğlanlar və qadınlar isə 42 km (7 dairə) məsafə qət ediblər.
Nəticələrə əsasən, Elit/U23 yaş kateqoriyasında kişilər və gənc oğlanlar arasında Samir Cəbrayılov (MSN, 28 xal) hamıdan yaxşı göstəriciyə imza ataraq birinci, Musa Mikayılzadə (MSN, 27 xal) ikinci, Nəcəf Bağırov (ROEQİUGVM, 20 xal) isə üçüncü yerə layiq görülüblər.
Yeniyetmə oğlanların yarışında Ravi Rzayev (ROEQİUGVM, 35 xal) qızıl, Artyom Proskuryakov (Təhsil RİM, 23 xal) gümüş, Maksim Trendelyov (Təhsil RİM, 20 xal) bürünc medal qazanıblar.
Qadınların mübarizəsində isə Viktoriya Sidorenko (ROEQİUGVM, 40 xal) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Aybəniz Abbaszadə (ROEQİUGVM, 19 xal) ikinci, Lalə Əbdürəhmanova (ROEQİUGVM, 16 xal) üçüncü yerlə kifayətləniblər.
Yarışdan sonra mükafatlandırma mərasimi keçirilib. Qaliblər medal, diplom və qiymətli hədiyyələrlə təltif olunublar.
Martın 12-də velosipedçilər qrup ötüşməsində güclərini sınayacaqlar.
Bizi Facebook-da izləyin