Millinin futzalçısı: “Yunanıstan yığması ilə oyuna tam hazırıq”

Azərbaycan millisinin futzalçısı Xətai Bağırov DÇ-2024-ün əsas mərhələsinin Yunanıstan və Polşa yığmalarına qarşı keçirəcəkləri oyunlar barədə danışıb.

Komanda.az federasiyanın rəsmi saytına istinadən xəbər verir ki, ilk görüşün Yunanıstana qarşı olacağını bildirən 36 yaşlı futzalçı hədəflərinin qələbə olduğunu dilə gətirib:

“Elit-raunda lider kimi yollanmalı, bu mərhələni zirvədə başa vurmalıyıq. Polşa səfərinə qalib yollanmalıyıq. Düzdür, onları Afinada böyük hesabla udmuşuq. Amma həmin matç da, hesab da keçmişdə qaldı. Addım-addım məqsədimizə nail olmaq üçün matçlardan maksimum nəticə ilə ayrılmalıyıq. Yunanıstan yığması ilə oyuna tam hazırıq. Ciddi zədəsi olan futzalçımız yoxdur. Bu da komanda üçün müsbət məqamdır. Atmosfer də yaxşıdır. Heyətə cəlb olunan oyunçuların hamısı düşərgəyə tam hazır gəliblər”.

O, Polşa ilə səfər görüşünün daha çətin olacağını deyib:

“Ancaq heç bir sədd keçilməz deyil. Final mərhələsinə qədər bizi çətin sınaqlar gözləyir. Yolumuz uzun və çətin olsa da, məqsəd, tapşırıq dəyişmir: ikinci dəfə final mərhələsində oynamaq. Bu yolda hamımız səfərbər olmuşuq”.

Azərbaycan millisi martın 3-də Bakı İdman Sarayında Yunanıstanı qəbul edəcək. Matç saat 20:00-da start götürəcək. Yığma 4 gün sonra Koszalin şəhərindəki idman zalında Polşa ilə üz-üzə gələcək. Görüş saat 23:00-da başlayacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button