Azərbaycan millisinin qapıçısı: “Vurduğum qollar müəyyən taktikanın bəhrəsidir”
Futzal üzrə Azərbaycan milli komandasının qapıçısı Rövşən Hüseynli açıq məşq zamanı jurnalistlərə açıqlama verib.
Komanda.az xəbər verir ki, o, Qazaxıstanın “Atırau” klubunda tez-tez qol vurmasını taktikanın bəhrəsi kimi dəyərləndirib:
“Klubumda vurduğum qolların davamını millinin heyətində Yunanıstan və Polşa önündə də gətirmək istəyirəm. Qollar vurmağım çıxış etdiyim klubda üzərində işlədiyimiz müəyyən taktikanın bəhrəsidir. Əslində illərdir bu taktika üzərində çalışırdım. Ancaq burada olduğum zaman baş məşqçi bundan istifadə etmirdi. Klubumdakı görüşlərdən sonra bəlkə buna uyğun bir fikir formalaşar. Kollektivə bu gün qoşulmuşam, komandanın hansısa taktika üzərində işlədiyini bilmirəm. Əgər baş məşqçi belə taktikadan yararlanmaq istəsə, bunları yerinə yetirmək istəyirəm”.
32 yaşlı qolkiper DÇ-2024-ün əsas mərhələsində Yunanıstan və Polşa ilə keçiriləcək qarşılaşmalar haqda danışıb:
“Yunanıstanla görüşə qələbə üçün çıxacağıq. Çünki bu baş verərsə, Polşa ilə səfər matçında bizə heç-heçə də qane edəcək. Belədə rəqib bizim üzərimizdə qələbəni fikirləşəcək. Yunanıstanın iddiasının olmamasının bizdə arxayınlıq yaratması məsələsi futzalçılar üçün düzgün yanaşma olmaz. Heç bir komanda zəif deyil. Yunanıstan yığması yoldaşlıq görüşü keçirib, bizimlə matça maksimum dərəcədə hazırlaşıb. Qarşılaşmanın nəticəsi təkcə növbəti mərhələyə vəsiqə qazanmaq yox, reytinq xalına təsir baxımından da vacibdir. Peşəkar futzalçı belə yanaşma etməməlidir”.
Azərbaycan millisi martın 3-də Bakıda Yunanıstanla, 7-də isə səfərdə Polşa ilə üz-üzə gələcək.
Bizi Facebook-da izləyin