“Ronaldoya real həyatda ilk dəfə bu qədər yaxın idim”
Avropanın nəhəng klublarının diqqət mərkəzində olan “Benfika”nın futbolçusu Joao Feliks klubun saytına açıqlama verib.
Komanda.az xəbər verir ki, 19 yaşlı hücumçu, Portuqaliya təmsilçisində xoşbəxt olduğunu deyib:
“Benfika”da olmaq mənim üçün xoşdur. Mən azarkeşləri, onlar da məni çox sevir. Hazırkı durumumdan və olduğum yerdən məmnunam. Gələcəyimlə bağlı bir şey deyə bilmərəm. Ancaq “Benfika”da çox xoşbəxtəm”.
Feliks, Kriştiano Ronaldo ilə milli komandanın düşərgəsində bir yerdə olması haqqında da danışıb:
“Çox qəribə idi. Ronaldoya real həyatda ilk dəfə bu qədər yaxın idim. O, oyun qəhrəmanı kimi görünürdü. Evə gedərkən, ailəmə, dostlarıma həmin anları danışdım.
Ronaldo ilə eyni düşərgədə olmaq xəyalların gerçəkləşməsi idi. Məşqdə nələr yaşadığımı xatırlaya bilmirəm. Tək düşündüyüm şey, Ronaldo ilə eyni mühitdə olmağım idi. Ən əsası, çox yaxşı bir an idi”.
“Benfika” ilə 2023-cü ilə qədər müqaviləsi olan Feliks, geridə qalan mövsümdə 43 qarşılaşmada iştirak edərək, 20 qol vurub. Portuqaliya millisinə də dəvət alan hücumçuyla “Mançester Yunayted”, “Atletiko”, “Bavariya”, “Çelsi”, “Arsenal” kimi klublar yaxından maraqlanır.
Bizi Facebook-da izləyin