Azərbaycan millisinin üzvü BƏƏ-də 16-cı oldu
Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) keçirilən Beynəlxalq Velosipedçilər İttifaqının şose velosipedi üzrə (UCİ) 2.2 kateqoriyalı “Tour of Sharjah” yarışının ikinci mərhələsi başa çatıb.
Komanda.az xəbər verir ki, yanvarın 28-də idmançılar 130,7 km məsafəyə qrup ötüşməsi növündə mübarizə aparıblar.
“Sharjah University” ərazisindən start götürən velosipedçilər “Al Badayer Oasis”də finişə çatıblar.
Yarışda 6 idmançı ilə təmsil olunan Azərbaycanın şose velosipedi üzrə kişilərdən ibarət Elit/U23 yığma komandasının bütün üzvləri əzmlə mübarizə apararaq, finiş xəttini lider qrupun tərkibində keçiblər. Hakimlər nəticələri fotofinişə əsasən müəyyənləşdiriblər.
Bu mərhələni milli komandamızın üzvlərindən Musa Mikayılzadə 16-cı (02h49’55”), Elçin Əsədov 17-ci (02h49’55”), Nəcəf Bağırov 20-ci (02h49’55”), Elgün Əlizadə 33-cü (02h49’55”), Şahin Eyvazov 79-cu (02h49’55”), Əli Qurbanov isə 86-cı (02h49’55’) yerdə başa vurublar.
BƏƏ-nin “Dubai Police” klubunun əlcəzairli idmançısı Hamza Yasin (02h49’55’) birinci yerə layiq görülüb.
Gənc velosipedçilər arasında isə milli komandamızın üzvü Nəcəf Bağırov 4-cü pillədə yer alıb (02h49’55”).
İki mərhələnin ümumi nəticəsinə əsasən milli yığma komandamızın kapitanı Elçin Əsədov 10-cu yerdə qərarlaşıb (03h01’32”). O, yarışın liderindən 18 saniyə geri qalır.
17 ölkədən 24 komandanın tərkibində ümumilikdə 141 velosipedçinin iştirak etdiyi 5 mərhələli yarışa yanvarın 31-də yekun vurulacaq.
Bizi Facebook-da izləyin